İlk baxışdan ideal görünən bəzi kişi tipləri zaman keçdikcə münasibətləri dağıda və tərəfdaşın həyatını dözülməz edə bilər
Münasibətlər üzrə beynəlxalq ekspert Kleyton Olson bildirib ki, hər bir insanda müxtəlif xarakter xüsusiyyətləri ola bilər. Lakin onlardan biri insanın əsas davranış modelinə çevrildikdə, sağlam və uzunmüddətli münasibət qurmaq çətinləşir.
Moderator.az xəbər verir ki, bu barədə "yourtango.com" nəşri yazıb.
Ekspert qadınların diqqətli olmalı olduğu yeddi kişi tipini sadalayıb:
"Ata" - qayğıkeş və qoruyucu təsir bağışlayır, lakin zaman keçdikcə tərəfdaşını idarə etməyə, ona uşaq kimi davranmağa və hər addımını nəzarətdə saxlamağa başlayır.
"Pis oğlan" - cəsarətli, sərbəst və cazibədar görünür. Ancaq əsasən yalnız öz istəklərini düşünür və ciddi münasibətdə etibarlı tərəfdaş olmur.
"Həddindən artıq yaxşı oğlan" - hər kəsi razı salmağa çalışır, öz hisslərini gizlədir və münaqişədən qaçır. Bu isə münasibətdə səmimiliyin itməsi ilə nəticələnə bilər.
"Ağ atlı xilaskar" - daim problemləri həll etməyə can atır. Lakin bu davranış tərəfdaşın ondan psixoloji cəhətdən asılı vəziyyətə düşməsinə səbəb ola bilər.
"Biznesmen" - həyatda olduğu kimi sevgidə də hər şeyi hesablayır. İş və karyeranı ön plana çıxardığı üçün romantika, emosional yaxınlıq və kompromislər arxa plana keçir.
"Piter Pen" - məsuliyyət götürməkdən yayınır, əyləncəni üstün tutur və ciddi öhdəliklərə hazır olmur. Böyük planlar qursa da, onları həyata keçirməkdə çətinlik çəkir.
"Şirnikləndirici" - əsas məqsədi qadını fəth etməkdir. İstədiyini əldə etdikdən sonra isə marağını itirir və uzunmüddətli münasibətdən uzaqlaşır.
Olson vurğulayır ki, bu xüsusiyyətlər ayrı-ayrılıqda hər bir kişidə müəyyən dövrlərdə müşahidə oluna bilər və bu, normaldır. Ancaq onlardan biri insanın yeganə davranış formasına çevrilərsə, belə münasibətin sağlam şəkildə davam etməsi və inkişaf etməsi demək olar ki, mümkün olmur.