Ukraynanın PUA hücumları Rusiyanın yanacaq istehsalına və iqtisadiyyatına ciddi təsir göstərir
Ukraynanın son həftələrdə Rusiyanın dərinliklərinə endirdiyi PUA zərbələri Kreml elitasında narahatlığı artırıb.
Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.
Məlumatda deyilir ki, hücumlar nəticəsində neft obyektləri, Voronejdə ballistik raketlər üçün komponentlər istehsal edən zavod və Tula vilayətində sursat istehsalı ilə bağlı kimya müəssisəsi hədəfə alınıb. Krımda isə elektrik enerjisi kəsilib, yanacaq satışı dayandırılıb və fövqəladə vəziyyət elan edilib.
Məqalədə bildirilir ki, iyunun 15-21-də Rusiyada benzin istehsalı 25 faiz azalıb, onlarla bölgədə talon sistemi tətbiq olunub. Moskva neft emalı zavodunun isə gələn ilə qədər fəaliyyətini dayandıra biləcəyi qeyd edilir.
Nəşrin məlumatına görə, iyunun əvvəlindən Rusiya fond bazarı 13 faizdən çox ucuzlaşıb, federal büdcə kəsiri isə mayın sonuna 6 trilyon rubla çatıb. Mənbələrdən biri bildirib ki, Milli Rifah Fondu demək olar ki, tükənib. Bununla bağlı Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov vətəndaşların və biznesin bank hesablarındakı vəsaitlərin səfərbər edilməsini təklif edib.
Eyni zamanda Maliyyə Nazirliyinin özəl pensiya fondlarındakı təxminən 40 milyard dollarlıq yığımlara çıxış imkanı verən qanun layihəsi hazırladığı bildirilir. Analitiklərin fikrincə, bütün bu təzyiqlərə baxmayaraq, Putin güzəştə getməkdənsə, müharibədə eskalasiyanı daha da gücləndirə bilər.