Ukraynanın Moskvaya PUA hücumları Rusiyada əhval-ruhiyyəyə təsir edir
Ukraynanın son vaxtlar Moskvaya pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr Rusiyada həm adi vətəndaşların, həm də siyasi və biznes elitasının əhval-ruhiyyəsinə təsir göstərməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Kanadanın CBC nəşri yazıb.
Pulitser mükafatı laureatı, tarixçi Enn Epplbaum hesab edir ki, bu hücumlar Kremlə təsir imkanlarını hələ də saxlayan bəzi şəxslərin mövqeyini dəyişə bilər. Onun sözlərinə görə, onlar artıq Rusiyanın müharibədə qalib gəlmədiyini və döyüşlərin ölkəyə yaxınlaşdığını görürlər.
Ekspert vurğulayıb ki, zərbələr müharibəni dərhal bitirməyəcək, lakin biznes və siyasi elita arasında narazılığı gücləndirə bilər. Məqalədə qeyd olunur ki, Rusiya dövlət televiziyası hücumları demək olar ki, işıqlandırmayıb, Moskva sakinlərinə isə təhlükə barədə xəbərdarlıq edilməyib.
Bununla yanaşı, UNITED24 Media jurnalisti Yevgeni Slavnı Rusiyada əhval-ruhiyyənin dəyişməsini şişirtməməyi tövsiyə edib. O bildirib ki, bəzi millətçilərin Putini tənqid etməsi onların Ukraynaya qarşı müharibəni dəstəkləməkdən imtina etməsi demək deyil.
Tarixçi Maykl Kimmic isə hesab edir ki, ölkə daxilində narazılıq artsa, Putin kompromisə getmək əvəzinə repressiyaları sərtləşdirə və Ukraynanın şəhərlərinə, eləcə də mülki infrastruktura hücumları daha da gücləndirə bilər. Onun fikrincə, artan təzyiq Rusiya liderini daha təhlükəli edə bilər.