Türkiyə 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması üçün arxivlərin açılmasını təklif etsə də, Ermənistan bu təşəbbüsü indiyədək qəbul etməyib
İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnaməni yekdilliklə qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
Bildirilir ki, qərar İsrail ilə Türkiyə arasında münasibətlərdə yeni gərginlik yarada bilər.
Nəşr 1915-ci il hadisələrini birtərəfli şəkildə "soyqırım" kimi təqdim edir və bu iddiaların müxtəlif ölkələr tərəfindən tanındığını vurğulayır. Məqalədə həmçinin İsrail rəhbərliyinin bu addımı "tarixi və mənəvi borc" kimi qiymətləndirdiyi qeyd olunur.
Bununla yanaşı, yazıda Türkiyənin rəsmi mövqeyinə yer verilmir. Ankara qondarma "erməni soyqırımı" iddialarını qətiyyətlə rədd edir və bildirir ki, bu məsələ siyasi qərarlarla deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.
Türkiyə uzun illərdir öz arxivlərini açmağa və Türkiyə, Ermənistan, eləcə də üçüncü ölkələrin arxivlərinin iştirakı ilə birgə tarixçi komissiyasının yaradılmasına çağırış etsə də, Ermənistan bu təklifi qəbul etməyib.
Türkiyə hesab edir ki, 1915-ci il hadisələri ilə bağlı "soyqırım" iddiaları tarixi və hüquqi baxımdan sübuta yetirilməyib və bu məsələdən siyasi məqsədlər üçün istifadə olunur. Buna görə də Ankara bu iddiaları saxta və əsassız hesab edir.