ABŞ İrana yenidən zərbələr endirdi, Tramp sərt bəyanat verdi.
 




ABŞ İranın Hörmüz boğazı yaxınlığında yerləşən 10 hədəfinə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
 
ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, əməliyyat son günlər ticarət gəmisinə edilən ikinci hücuma cavab olub. Vaşinqton iddia edir ki, İran ordusu Panama bayrağı altında üzən və 2 milyon barel neft daşıyan M/T Kiku tankerinə kamikadze dronu göndərib.
 
ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb ki, Amerika aviasiyası İranın raket və pilotsuz uçuş aparatları anbarlarını, eləcə də sahil radarlarını vurub. O bildirib ki, Tehran atəşkəs razılaşmasını yenidən pozarsa, ABŞ başladığı əməliyyatı hərbi yolla tam başa çatdıracaq. Trampın sözlərinə görə, belə olacağı təqdirdə İran İslam Respublikası mövcudluğunu itirə bilər.
 
Bundan təxminən bir saat sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu Küveyt və Bəhreyndə yerləşən ABŞ bazalarına raket və dron hücumları həyata keçirdiyini açıqlayıb. Hər iki ölkənin hakimiyyəti sakinləri sığınacaqlara getməyə çağırıb.
 
İran tərəfi ABŞ-ı İslamabad memorandumunu pozmaqda ittiham edib və diplomatik prosesin dayandırılacağını bəyan edib. Korpus həmçinin Küveytdəki Əli əs-Səlim aviabazasında və Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasında səkkiz mühüm obyektin vurulduğunu iddia edib.
 
Məqalədə qeyd olunur ki, İran Hörmüz boğazında tankerlərə dron hücumları ilə bağlı rəsmi izahat verməyib. Müəlliflərin iddiasına görə, Tehran boğazdan ödəniş etmədən keçən gəmiləri bu yolla cəzalandırmağa çalışır. Bununla yanaşı, İslamabad memorandumunda İranın sənəd imzalandıqdan sonra 60 gün ərzində kommersiya gəmilərindən ödəniş almamağı öhdəsinə götürdüyü xatırladılır.