"Amerika arzusu" mifə çevrilib: Gənclər tamamilə fərqli ideologiyaya üz tutur" - "Daily Shincho" (Yaponiya)
28 Jun 2026, 22:53 31 baxış 2 dəq oxuma
ABŞ-də nəsillər arasında fikir ayrılığı dərinləşir, gənclər dinə marağı itirir, sosializmə rəğbət artır
ABŞ-də Donald Trampın İranla imzaladığı memorandum həm demokratlar, həm də respublikaçıların bir hissəsi tərəfindən sərt tənqid olunub.
Moderator.az xəbər verir ki, bu barədə Yaponiyanın "Daily Shincho" nəşri yazıb.
Bəzi siyasətçilər bunu son onilliklərin ən böyük xarici siyasət səhvlərindən biri adlandırıblar. Tramp isə razılaşmanın neft qiymətlərini aşağı saldığını və Amerika iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Məqalədə qeyd olunur ki, ABŞ iqtisadiyyatı güclü görünsə də, cəmiyyətdə nikbinlik azalır. Sorğulara görə, amerikalıların 38 faizi ölkənin daha 250 il vahid dövlət kimi mövcud qalacağına inanmır. Həmçinin əhalinin böyük hissəsi hesab edir ki, ABŞ-nin siyasi və iqtisadi sistemi onların əleyhinə işləyir.
Nəşrin istinad etdiyi sorğular göstərir ki, gənclər arasında dinə maraq azalır. 18-34 yaşlı amerikalıların yalnız 49 faizi cəmiyyətin daha dindar olmasının faydalı olacağını düşünür. Bununla yanaşı, 30 yaşadək amerikalıların üçdə ikisi sosializmə müsbət yanaşır, təxminən üçdə biri isə kommunist ideyalarını dəstəkləyir.
Məqalə müəllifinin fikrincə, ABŞ-də sosial, siyasi və ideoloji parçalanma getdikcə dərinləşir. O hesab edir ki, ölkənin 250 illik yubileyi ərəfəsində keçiriləcək tədbirlərin əsasən "ağ xristianların qurduğu dövlət" ideyasına söykənməsi cəmiyyətdəki parçalanmanı daha da gücləndirə bilər.