Klinik ölüm zamanı görünən "cəhənnəm mənzərələri" insan beyninin məhsulu deyil, Tanrının yaratdığı simulyasiyanın bir hissəsi ola bilər
Yeni zelandiyalı tədqiqatçı, səhiyyə sahəsi üzrə alim və bir neçə kitabın müəllifi Orson Vedcvud uzun illər klinik ölüm təcrübələrini araşdırdıqdan sonra diqqətçəkən nəzəriyyə irəli sürüb. Onun fikrincə, klinik ölüm keçirən insanların təsvir etdiyi qorxunc "cəhənnəm görüntüləri" hallüsinasiya deyil, reallığın və Tanrının mövcudluğunun sübutudur.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
"Tanrı bizi simulyasiyada sınaqdan keçirir"
Vedcvud hesab edir ki, insanlıq Tanrının yaratdığı süni bir simulyasiyada yaşayır. Onun sözlərinə görə, insanların şüuru, davranışları və hissləri gerçək olsa da, onları əhatə edən dünya sınaq məqsədilə yaradılmış simulyasiyadır.
Alimin fikrincə, bu sistem insanların seçimlərini yoxlamaq və sonda Tanrı ilə birlikdə olacaq şəxsləri digərlərindən ayırmaq məqsədi daşıyır. O iddia edir ki, klinik ölüm zamanı görünən cəhənnəm səhnələri də yanlış yol seçənlər üçün bir xəbərdarlıqdır.
Oxşar təsvirlər nəzəriyyəni gücləndirir
Vedcvudun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində klinik ölüm yaşamış insanların təsvirləri bir-birinə çox bənzəyir. Onlar kəskin üfunətli qoxudan, qaranlıq varlıqlardan, zorakılıq səhnələrindən və dərin ümidsizlik hissindən danışırlar. Alim hesab edir ki, bu qədər oxşarlıq təsadüfi ola bilməz.
O, nümunə kimi 1982-ci ildə meduzanın sancmasından sonra klinik ölüm keçirən Yeni Zelandiya sakini İan Makkormakın hekayəsini göstərir. Makkormak cəhənnəmdə olduğunu hiss etdiyini, daha sonra isə dua etdikdən sonra işığa doğru çəkildiyini bildirib.
İlon Maskın nəzəriyyəsi ilə oxşarlıq
Vedcvud qeyd edir ki, simulyasiya nəzəriyyəsi son illər geniş yayılıb və bu fikri açıq şəkildə dəstəkləyənlərdən biri də İlon Maskdır. Mask bir podkastda dünyanın "yadplanetlilərin Netflix serialı" ola biləcəyini söyləyib. Alim isə bildirir ki, həyatın təsadüfi yaranmadığı fikrində Maskla razılaşsa da, simulyasiyanın yaradıcısının yüksək texnologiyalı sivilizasiya deyil, Tanrı olduğuna inanır.
Araşdırmalar nə göstərir?
Məqalədə qeyd olunur ki, elmi araşdırmalar bu mövzuda yekdil nəticəyə gəlməyib. Müşahidələrə əsasən, klinik ölüm təcrübəsi yaşayan insanların yalnız təxminən 14 faizi mənfi təcrübələrdən danışıb və onların bir hissəsi gördüklərini cəhənnəm kimi təsvir edib.
2019-cu ildə "Memory" jurnalında dərc olunan araşdırmada isə müsbət və mənfi klinik ölüm təcrübələri arasında beyin fəaliyyəti baxımından ciddi fərq aşkarlanmadığı, əsas fərqin emosional hisslərdə olduğu bildirilib. Bir çox ciddi tədqiqatçılar da bu nəzəriyyəni dəstəkləyir.
Vedcvudun sözlərinə görə, elmi dərəcəsi olan bir çox alim və həkim kainatın, həyatın və şüurun mənşəyini izah etməkdə çətinlik çəkdiklərini etiraf edir. Onun iddiasına görə, bu alimlərin əksəriyyəti şəxsi söhbətlərdə simulyasiya nəzəriyyəsini dəstəklədiklərini desələr də, bunu ictimai şəkildə etiraf etməyə hazır olmurlar.