Müharibədə üstünlük Ukraynanın xeyrinə dəyişir, Rusiya iqtisadiyyatı tükənmə mərhələsinə daxil olur - "Financial Times"
29 Jun 2026, 12:58 31 baxış 2 dəq oxuma
Ukrayna texnoloji üstünlük qazanır, Rusiya isə həm cəbhədə, həm də iqtisadiyyatda artan çətinliklərlə üzləşir
Ukrayna son aylarda hərbi texnologiyalar sahəsində mühüm üstünlük əldə edib və bu, müharibənin gedişatını tədricən onun xeyrinə dəyişir.
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
Nəşrin iqtisadiyyat şərhçisi Martin Sandbu hesab edir ki, eyni vaxtda Rusiyanın iqtisadi imkanları tükənir və müharibəni davam etdirmək getdikcə çətinləşir. Onun sözlərinə görə, Rusiya hər ay 30-40 min hərbçi itirir. O, Ukraynanın dron və digər müasir hərbi texnologiyalar sahəsindəki yeniliklərinin bu itkilərdə mühüm rol oynadığını bildirir.
Məqalədə həmçinin qeyd olunur ki, Ukraynanın Rusiya ərazisində, o cümlədən neft emalı obyektlərinə endirdiyi zərbələr Moskvanın ixrac imkanlarını məhdudlaşdırır. Müəllif qeyd edir ki, Rusiyada inflyasiya rəsmi statistikadan daha yüksəkdir, büdcə kəsiri planlaşdırılan həddi artıq keçib və iqtisadi artım azalma ilə əvəzlənib.
Onun fikrincə, Avropanın "kölgə donanması"na qarşı sanksiyaları da Rusiyanın gəlirlərini məhdudlaşdırır. Eyni zamanda, Sandbu yazır ki, Ukrayna müttəfiqlərinin maliyyə dəstəyi sayəsində hərbi sənayesini gücləndirməyə davam edir. O qeyd edir ki, Avropa İttifaqının ayırdığı vəsait artıq Ukraynanın müdafiə sənayesinə yönəldilir və bu, Kiyevin mövqeyini gücləndirir.
Müəllif hesab edir ki, Qərb Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirsə və dondurulmuş Rusiya aktivlərini Ukraynaya versə, bu, Ukraynanın üstünlüyünü daha da artıracaq. Məqalədə həmçinin vurğulanır ki, Ukrayna son illərdə pilotsuz uçuş aparatlarının istehsalı və tətbiqi sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilib.