Ukraynanın Krımdakı hücumları Kremlin daha təhlükəli addımlar atmasına səbəb ola bilər




 
Ukraynanın işğal altındakı Krımda hərbi, enerji və logistika obyektlərinə endirdiyi zərbələr Rusiya prezidenti Vladimir Putini yeni riskli qərarlar qəbul etməyə sövq edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Məqalədə qeyd olunur ki, 2014-cü ildə Krımın ilhaqından sonra Qərbin əsasən sanksiyalar və siyasi bəyanatlarla kifayətlənməsi Kremldə ciddi nəticələrdən yayınmaq mümkün olduğu təəssüratı yaradıb. 
 
Lakin hazırda Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar yarımadadakı Rusiya hərbi infrastrukturunun fəaliyyətini xeyli çətinləşdirib və bölgədə fövqəladə vəziyyət elan olunub.
 
Nəşrin fikrincə, Ukraynanın bu zərbələri Rusiyanın informasiya üstünlüyünü də zəiflədir, çünki pilotsuz aparatların Rusiya ərazisindəki hədəfləri vurması müharibənin "uğurlu getdiyi" barədə Kremlin iddialarını şübhə altına alır.
 
Müəlliflər hesab edir ki, əsas narahatlıq Putinin buna cavab olaraq eskalasiyaya getməsi, o cümlədən Kiyevə hücumları gücləndirməsi və ya taktiki nüvə silahından istifadə ehtimalıdır. Onların fikrincə, NATO bu cür mümkün ssenarilərə əvvəlkindən daha qətiyyətli hazır olmalıdır.
 
Məqalədə həmçinin bildirilir ki, Ukraynanın zərbələri nəticəsində Krımda yanacaq və elektrik enerjisi çatışmazlığı yaranıb. Bu səbəbdən yarımadanı minlərlə avtomobil tərk edir. Rusiya tərəfindən təyin edilmiş Krım rəhbəri Sergey Aksyonov da bölgənin yanacaq təminatı ilə bağlı ciddi problemlərlə üzləşdiyini etiraf edib.