“Mən heç vaxt “Lalə qızlar” ansambılında çalışmamışam. Dəvət ediblər, amma getməmişəm. Harada çox insan varsa oradan qaçmışam. Bəzən görürsən ki, müğənnilər bir məşhur stilistin yanına gedirlər, amma mən həmişə əksinə etmişəm. Söz-söhbəti xoşlamıram. Elə yerdə də hər zaman söz-söhbət olur. Mən Əlibaba Məmmədovun, İslam Rzayevin ansambıllarında çıxış etmişəm”.
 




Bunu Moderator.az-a açıqlamasında ötən illərin ən məşhur müğənnisi Yaqut Babayeva deyib.
 
O daha sonra illərdir haqqında yayılan şayələrə münasibət bildirib:

“Uzun illərdir yazırlar ki, Reyhan Müslümova ilə küsülü olmuşam. Biz sadəcə sənət dostu olmuşuq. Bayram konsertlərində görüşmüşük, telefonla danışmışıq, övladları ilə evimizə gəlib. Biz o qədər də yaxın olmamışıq, amma bir-birimizdən incikliyimiz də olmayıb. Yalan söhbətdir. Bunu yazanlar yəqin ki, özlərinə şüar axtarırlar. Hətta o əməliyyata gedəndə mənə dedi ki, “səni oğlum üçün elçiliyə aparacam”. Elçiliyə getmək qismət olmadı. O əməliyyatdan evə gələndən 2 gün sonra oğlu Emilin qucağında rəhmətə getdi. Reyhan xanımın oğlu ilə indi də üzbəüz gələndə görüşürük, hal-əhval tuturuq. Allah bütün sənətkarlarımıza, həmçinin Reyhan Müslümovaya da rəhmət etsin”.
 
Yaqut Babayeva deyir ki, efirlərə çıxmaq istəyir, amma...:
 
“Əlbəttə ki, özümü gördüyüm verilişlərə gedirəm. Səhnə müğənninindir. Səhnədə müğənni iştirak etməlidir. Musiqidən, mahnıdan, muğamdan, təsnifdən söz açılmalıdır. Efirlər müğənnini reklam etmək üçün deyil. Aparıcı müğənnidən soruşmamalıdır ki, bu üzüyü, bu paltarı neçəyə almısan?”

Yaqut Babayeva bugünki müğənnilərin zirvələri fəth etməməsindən də danışıb:
 
“İndi bu dəqiqə o qədər yaxşı müğənnilərimiz var ki.. Babək Niftəliyev, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, İlkin Əhmədov super müğənni və xanəndələrdir. Adlarını çəkdiyim xanəndələr artıq 40 yaşı adlayıblar. Amma nədənsə onlar Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev ola bilmirlər. Bilmirəm zəmanədəndir yaxud da nədəndir?! Yeri gələndə bu xanəndələr adlarını çəkdiyim ustad sənətkarlardan da bəlkə də üstün oxuyurlar. Amma o yeri tutub, o zirvəni fəth edə bilmirlər”.