Növbəti danışıqlarda əsas müzakirə mövzusu Hörmüz boğazı olacaq




 
ABŞ və İran qarşılıqlı hərbi əməliyyatları dayandırmaq və danışıqları davam etdirmək barədə razılığa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə əvvəlcə "Reuters" agentliyi məlumat yayıb.
 
ABŞ rəsmilərinin sözlərinə görə, tərəflər hələlik döyüş əməliyyatlarını dayandıracaq, gəmilərin sərbəst hərəkəti təmin ediləcək və danışıqlar davam etdiriləcək. Məlumata əsasən, əvvəlcə İsveçrədə keçirilməsi planlaşdırılan görüşlər eskalasiyaya görə Qətərin paytaxtı Dohaya köçürülüb və iyunun 30-da baş tutması gözlənilir.
 
Mənbələrin bildirdiyinə görə, danışıqların əsas mövzusu artıq İranın nüvə proqramı deyil, Hörmüz boğazında gəmiçiliyin statusu olacaq. Tərəflər memorandumun boğazla bağlı müddəalarını fərqli şərh edirlər. Tehran boğaz üzərində nəzarət hüququna malik olduğunu iddia etsə də, Vaşinqton bununla razılaşmır və beynəlxalq gəmiçiliyin maneəsiz davam etməli olduğunu bildirir.
 
Son günlər Hörmüz boğazında baş verən qarşıdurmalar zamanı İran ticarət gəmilərinə hücum edib, ABŞ isə buna cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. Bundan sonra İran Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarını raket və pilotsuz aparatlarla hədəfə alıb. Hazırda isə tərəflərin növbəti eskalasiya mərhələsini dayandıraraq danışıqlar masasına qayıtdığı bildirilir.