ABŞ və İran arasında mümkün razılaşmalar ətrafında gedən müzakirələr təkcə iki ölkə arasındakı münasibətlərin deyil, həm də İran daxilindəki siyasi balansın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Vaşinqtonla danışıqlar prosesinə münasibətdə İranın müxtəlif siyasi mərkəzləri arasında müşahidə olunan fikir ayrılıqları daxili gərginliyi daha da artırır. Bəzi dairələr danışıqların davam etdirilməsini zəruri hesab etsə də, sərt xətti müdafiə edən qüvvələr bu prosesə ehtiyatla yanaşır.
Maraqlıdır, ABŞ-İran memorandumu ətrafında İran daxilində müşahidə olunan fikir ayrılıqları və artan siyasi gərginlik bu razılaşmanın gələcəyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Moderator.az-a açıqlama verib.
Siyasi şərhçi bildirib ki, müharibədən öncə də İran daxilində ciddi fikir ayrılığı var idi:
"İstər SEPAH daxilində, istər SEPAH-la dini rəhbərlik, həmçinin SEPAH-la hökumət arasında xüsusilə İranın xarici siyasətinin müəyyənləşdirilməsi ilə bağlı ciddi ziddiyyətlər mövcud idi. Bu proseslər fonunda daxildə islahatçıların mövqeləri güclənirdi. Müharibədən sonra isə vəziyyət kökündən dəyişdi və SEPAH yenidən İranda ən əhəmiyyətli struktura çevrildi.
SEPAH-ın ciddi təzyiqləri nəticəsində istədiyi namizədin seçilməsinə nail olması daxildə narazılığı artırdı, nəticədə intriqalar gücləndi.
İstənilən vəziyyətə rəğmən istər ABŞ, istərsə də İran yeni eskalasiyada deyil, danışıqlar prosesinin davam etdirilməsində maraqlı görünürlər. ABŞ hökumətinə seçkilərə daha yaxşı hazırlaşmaq üçün mühit, İrana isə ağır sosial-iqtisadi problemlərdən xilas olmaq lazımdır. Təbii ki, istər ABŞ, istərsə də İranda olan siyasi qüvvələr real mənzərəni çox yaxşı bilirlər.
Sadəcə olaraq ABŞ daxilində demokratların müharibədə ABŞ-nin İrana məğlubiyyətini əsas gətirərək hökumətə təzyiqlərin artırıldığı və propaqanda aparıldığı kimi, İran daxilində də ABŞ və İsraildən qisas alınmadığını əsas gətirərək hökumətin düşmənlərlə loyal davranması aruqmenti üzərindən propaqanda aparılır. Görünən odur ki, dini rəhbərlikdə təmsil olunan şəxslərin əksəriyyəti ilə SEPAH və hökumət arasında ziddiyyətlər var. Amma real mənzərə ondan ibarətdir ki, danışıqların davam etdirilməsi ən uyğun yoldur. Ona görə də hesab edirəm ki, daxili intriqalardan qaynaqlanan proses danışıqlar prosesinə ciddi təsir etməyəcək”.
Pərvin Şakirqızı