İran Hörmüz boğazına tam nəzarət hüququnda israr edir və ABŞ-ın təzyiqlərinə baxmayaraq bu mövqeyindən geri çəkilmir


ABŞ və İran arasında son günlər baş verən qarşılıqlı zərbələr atəşkəs razılaşmasını sınaq qarşısında qoyub. Bununla belə, Vaşinqton hər iki tərəfin memorandum çərçivəsində danışıqları davam etdirmək niyyətində olduğunu bildirir.






Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.


İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, Hörmüz boğazına nəzarət yalnız Tehrana məxsusdur və ölkəsi boğazın fəaliyyətini tam bərpa etməyə çalışacaq. ABŞ isə bu mövqeni rədd edərək bildirib ki, beynəlxalq gəmiçilik maneəsiz davam etməlidir və İranın boğaz üzərində müstəsna səlahiyyəti yoxdur.


Məqalədə qeyd olunur ki, tərəflər atəşkəs razılaşmasını pozmaqda bir-birini ittiham edir. ABŞ prezidenti Donald Tramp İranın razılaşmanı pozduğunu iddia edərək, lazım gələrsə hərbi əməliyyatların daha da genişləndiriləcəyi ilə hədələyib.


Son qarşıdurmalar zamanı İran ABŞ obyektlərinə və Hörmüz boğazındakı hədəflərə zərbələr endirdiyini açıqlayıb, ABŞ isə buna cavab olaraq İran ərazisindəki hərbi obyektləri vurduğunu bildirib. Hadisələrdən sonra Bəhreyn, Küveyt və digər region ölkələri də vəziyyətdən zərər gördüklərini açıqlayıblar.


"The Washington Post" yazır ki, əsas fikir ayrılığı memorandumun Hörmüz boğazının idarə olunması ilə bağlı müddəalarının şərhindən qaynaqlanır. ABŞ və İran eyni sənədi fərqli şəkildə izah edir. Bununla yanaşı, sənəd tərəflərə İranın nüvə proqramı ilə bağlı daha geniş razılaşmaya nail olmaq üçün 60 günlük danışıqlar müddəti də verir.