Vaşinqtonla Təl-Əviv arasında münasibətlərdə ciddi soyuqlaşma müşahidə olunur.
Donald Tramp administrasiyası ilə İsrail arasında münasibətlər əvvəlki dövrlərlə müqayisədə daha praqmatik mərhələyə keçib.
Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.
Məqalədə bildirilir ki, İsrail uzun müddət "Öncə Amerika" siyasətinin ona şamil edilməyəcəyini düşünsə də, indi Vaşinqtonun avtomatik dəstəyinə arxalanmaq mümkün deyil.
Nəşrə görə, əsas fikir ayrılığı İran məsələsi ətrafında yaranıb. İsrail Tehranı əsas təhlükə hesab etdiyi halda, Tramp administrasiyası daha çox neft bazarının sabitliyinə və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə üstünlük verir. Məqalədə vitse-prezident Cey Di Vensin İranla danışıqlarda artan rolunun da bu dəyişikliklərin göstəricisi olduğu qeyd edilir.
Nəşr iddia edir ki, Tramp qapalı görüşlərdə İsrailin baş naziri Benyamin Netanyahuya qarşı narazılığını ifadə edib və Livandakı hərbi əməliyyatların diplomatik səylərə mane olduğunu bildirib. Nəşrin məlumatına görə, 2025-ci ildə Netanyahunun Vaşinqtona beş səfər etməsinə baxmayaraq, 2026-cı ilin fevralından etibarən yüksək səviyyəli görüşlər faktiki olaraq dayanıb.
Məqalədə vurğulanır ki, ABŞ-də, o cümlədən Respublikaçılar Partiyası daxilində İsraillə münasibətlərin Amerika maraqları əsasında yenidən nəzərdən keçirilməsini istəyənlərin sayı artır. Ekspertlərin fikrincə, İsrail rəhbərliyi iki ölkə arasındakı böhranın dərinliyini hələ tam dərk etmir və "avtomatik tərəfdaşlıq" dövrü artıq geridə qalır.