Ankarada keçiriləcək NATO sammiti alyansın gələcəyi üçün həlledici mərhələ ola bilər.


Avropa ölkələri NATO daxilində daha güclü "Avropa qanadı" formalaşdırmağa çalışır.






Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Evrensel" qəzeti yazıb.


Nəşr yazır ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti alyansın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Nəşrin fikrincə, Avropa ölkələri ABŞ-ın NATO daxilində birtərəfli qərarlar qəbul etməsinin qarşısını almağa və alyansda öz təsirlərini artırmağa çalışırlar.


Məqalədə qeyd olunur ki, Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniya liderləri müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin gücləndirilməsi və NATO daxilində kollektiv qərarvermə mexanizmlərinin qorunması barədə razılığa gəliblər. Müəllif bu mövqeni Vaşinqtona ünvanlanmış siyasi mesaj kimi qiymətləndirir.


Nəşr yazır ki, Donald Trampın son dövrdə NATO ilə bağlı ritorikasının yumşalması Ukrayna və İran istiqamətində üzləşdiyi çətinliklərlə əlaqələndirilir. Eyni zamanda, Avropa dövlətləri ABŞ-ın mümkün hərbi addımlarının bütün NATO üzvlərinin razılığı ilə həyata keçirilməsini istəyirlər.


Məqalədə Türkiyənin sammitdən həm geosiyasi mövqeyini gücləndirmək, həm də Avropa silah bazarında daha böyük pay əldə etmək üçün istifadə etməyə çalışdığı vurğulanır. Müəllif hesab edir ki, Ankara həm Vaşinqton, həm də Brüssel arasında balans siyasəti yürüdür.


"Evrensel"in qənaətinə görə, Ankaradakı sammit NATO daxilində gələcək qüvvələr nisbətini müəyyənləşdirə bilər və alyansın gələcək inkişaf istiqaməti baxımından mühüm göstərici olacaq.