Süni intellekt yaxın illərdə ABŞ-da əmək bazarında kütləvi ixtisarlara və maliyyə sistemində ciddi sarsıntılara səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Economist" nəşri yazıb.
Nəşr yazır ki, süni intellektin sürətli inkişafı ilk növbədə yüksək maaşlı intellektual peşələrdə çalışan milyonlarla insanın işini risk altına qoya bilər. Müəllif hesab edir ki, bunun nəticəsində istehlak azalacaq, insanlar pensiya və investisiya hesablarındakı vəsaitləri geri çəkməyə başlayacaq, bu isə fond bazarında ciddi eniş yaradacaq.
Məqalədə qeyd olunur ki, xüsusilə S&P 500 indeksində böyük paya malik texnologiya şirkətləri bundan zərər görə bilər. Nvidia, Microsoft və Amazon kimi şirkətlərin səhmlərinin passiv investisiya axınlarından ciddi şəkildə asılı olduğu vurğulanır.
Müəllifin fikrincə, süni intellektin inkişaf tempi insanların yeni texnologiyalara uyğunlaşma imkanlarını üstələyir. Yaxın 3-4 ildə ABŞ-də yüksək ixtisas tələb edən iş yerlərinin təxminən 15 faizinin avtomatlaşdırılması mümkündür.
Məqalədə vurğulanır ki, hökumətlər maliyyə bazarlarını müəyyən qədər sabitləşdirə bilsələr də, əsas problem işsizliyin artması və cəmiyyətin yeni iqtisadi reallığa uyğunlaşdırılması olacaq. Mövcud siyasi və iqtisadi sistem belə bir dəyişiklik üçün hazır deyil və bu, təkcə maliyyə deyil, həm də sosial böhrana çevrilə bilər.