ABŞ-İran Anlaşma Memorandumu ətrafında İranın Ekspertlər Məclisində nadir ictimai fikir ayrılığı yaranıb.
Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.
Qurum üzvlərinin əksəriyyətinin yaydığı bəyanatdan cəmi bir neçə saat sonra Məclisin rəhbərliyi həmin açıqlamaya açıq etiraz edib. Adətən gündəlik siyasi məsələlərə münasibət bildirməyən Ekspertlər Məclisi bu dəfə ABŞ-la danışıqlar, Hörmüz boğazının açılması və mümkün kompromislərlə bağlı mübahisələrin mərkəzinə çevrilib. 84 üzvdən 60-dan çoxunun imzaladığı bəyanatda İran nümayəndə heyətinə təşəkkür edilsə də, onları əvvəlki danışıqların uğursuzluqlarından nəticə çıxarmağa çağırıblar. Sənəddə Müctəba Xameneyinin müəyyən etdiyi "qırmızı xətlərin" qorunmasının vacibliyi vurğulanıb.
Bəyanatda, həmçinin Əli Xameneyinin öldürülməsinə görə məsul sayılan şəxslərin cəzalandırılması tələb olunub və sərt dini çağırışlar yer alıb. İmzanı atan üzvlər İsrailin Livandakı əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazının yenidən açılmasını "strateji səhv" adlandırıb, İranın nüvə hüquqlarının danışıqlar mövzusu olmamalı olduğunu bildiriblər. Bunun ardınca Məclisin Rəyasət Heyəti və katibliyi bəyanatın yayılma formasını tənqid edərək onun qurumun müəyyən olunmuş prosedurlarından kənar şəkildə hazırlandığını açıqlayıb. Katiblik rəsmi mövqelərin yalnız səlahiyyətli qurumlar tərəfindən açıqlanmalı olduğunu vurğulayıb və bəyanatı imzalayanların əvvəlcə daxili müzakirələr apararaq Məclisin birliyini qorumalı olduqlarını qeyd edib.
S.Laçın