Türkiyə hakimiyyəti Qara dənizi və Bosforun qərbində Mərmərə dənizini birləşdirəcək süni kanal olan "İstanbul Kanalı" layihəsi üzərində işlərini davam etdirir. 
 




Moderator.az-ın "EXONEWS" nəşrinə istinadla yaydığı xəbərə görə, yeni su yolu təxminən 45 kilometr uzunluğunda olacaq və tikintisi başa çatdıqdan sonra İstanbulun bir hissəsi faktiki olaraq su ilə ayrılaraq adaya çevriləcək.

Hökumətin planına görə, yeni kanal ildə təxminən 43 min gəminin keçdiyi Bosfordakı tıxacları aradan qaldıracaq. Türkiyə hakimiyyəti qeyd edir ki, ağır nəqliyyat, çətin naviqasiya, güclü cərəyanlar və yaşayış məntəqələrinə yaxınlıq neft tankerləri də daxil olmaqla, böyük qəzaların riskini artırır.
 
Layihə rəsmi olaraq 2021-ci ildə ilk körpünün təməlqoyma mərasimi ilə başlasa da, irəliləyişi qeyri-bərabər olub. Türkiyənin nəqliyyat naziri Əbdülqədir Uraoğlu əvvəllər hakimiyyətin layihədən imtina etmədiyini, lakin sonrakı işlərin lazımi maliyyələşdirmənin təmin edilməsindən asılı olduğunu bildirmişdi.
 
Layihənin xərc smetaları əhəmiyyətli dərəcədə dəyişir. Rəsmi hesablamalara görə, tikinti təxminən 15 milyard dollara başa gələcək, halbuki bir neçə beynəlxalq mənbə əvvəllər xərcləri təxminən 2 milyard dollar qiymətləndirmişdi.
 
Layihə mütəxəssislər arasında da müzakirələrə səbəb olur. Türkiyə hökuməti kanalın tikintisinin gəmilərin Türkiyə boğazlarından keçməsini tənzimləyən Montrö Konvensiyasına təsir etməyəcəyini iddia edir, lakin mütəxəssislər potensial geo-siyasi təsirlərə işarə edirlər.

Ekoloji risklər də eyni dərəcədə qızğın müzakirə olunur. Alimlər xəbərdarlıq edirlər ki, yeni kanal regionun hidroloji balansını dəyişdirə, müəyyən su hövzələrinin duzluluğunu artıra, Mərmərə dənizinin ekosistemini pisləşdirə və İstanbulu təmin edən şirin su təchizatına təsir göstərə bilər. Türkiyə hökuməti öz növbəsində su itkilərinin əhəmiyyətsiz olacağını və digər su anbarları ilə kompensasiya edilə biləcəyini iddia edir.
 
S.Laçın