"Azərbaycanda son illərdə həyata keçirilən iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına ciddi təkan verib. 2025-ci ilin hesabat dövründə qeyri-neft-qaz sahəsində yaradılan ümumi daxili məhsulun həcmi 92,3 milyard manata çatıb. Bu göstərici ölkə üzrə ümumi ÜDM-in 71,5 faizini təşkil edir ki, bu da 2024-cü illə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir".
 




Moderator.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirələri zamanı səsləndirib.
 
Nazirin sözlərinə görə, hesabat dövründə icmal büdcədə qeyri-neft gəlirlərinin xüsusi çəkisi 55,2 faizə yüksəlib, qeyri-neft vergilərinin payı isə 25 faiz olub. Hər iki göstərici ötən illə müqayisədə müvafiq olaraq 2,8 və 2 faiz-bəndi artıb.
 
Son beş il ərzində dövlət büdcəsinin ümumi daxilolmalarında qeyri-neft gəlirlərinin payı 43,3 faizdən 52 faizə qədər artıb. 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması planlaşdırılır.
 
Eyni zamanda, hesabat ilində cari xərclərin qeyri-neft gəlirləri hesabına qarşılanma səviyyəsi 92 faiz olub. Bu göstərici proqnozdan 7,5 faiz-bəndi, ötən ilin nəticələrindən isə 0,2 faiz-bəndi yüksəkdir. Ortamüddətli dövrün sonunda – 2029-cu ildə bu göstəricinin 100 faizə çatdırılması əsas məqsəd kimi müəyyənləşdirilib.
Mövcud dinamika qeyri-neft sektorunun inkişafının və büdcənin neft gəlirlərindən asılılığının azaldılmasının dövlət siyasətində prioritet olaraq qaldığını göstərir.
 
Pərvin Şakirqızı