Kreml rəhbərinin hakimiyyətdən getməsinə Ukraynanın yeni hücumları, daxili iğtişaşlar və ya Çinin mövqeyini dəyişməsi səbəb ola bilər
Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə qalacağı müddət üç ildən artıq olmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə "forbes.com" nəşri yazıb.
Məqalədə bildirilir ki, onun hakimiyyətdən uzaqlaşdırılması müxtəlif ssenarilər üzrə baş verə bilər və buna Ukraynanın yeni hücumları, ölkədaxili iğtişaşlar, eləcə də Çinin dəstəyini dayandırması təkan verə bilər.
Nəşrin fikrincə, Putinə qarşı ilk addımı Rusiya elitası ata bilər. Məqalədə qeyd olunur ki, Kreml ətrafındakı qüvvələr öz gələcəklərindən narahat olduqları üçün mümkün ordu üsyanından əvvəl hərəkətə keçə bilərlər. Eyni zamanda, Putinə sadiq müxtəlif güc strukturları arasında qarşıdurmanın və hətta vətəndaş müharibəsinin mümkün ssenarilərdən biri olduğu vurğulanır.
Nəşr yazır ki, Putinin hakimiyyəti ya sürətli sui-qəsdlə, ya da nümayiş xarakterli məhkəmə prosesi ilə başa çata bilər. Nəşr bunu Rumıniyanın keçmiş lideri Nikolaye Çauşeskunun taleyi ilə müqayisə edir.
Məqalədə həmçinin bildirilir ki, Moskva, Krım və ya Rusiyanın digər bölgələrinə daha geniş Ukrayna hücumları, ərzaq çatışmazlığı, Tatarıstan, Başqırdıstan və Çeçenistanda mümkün separatçı çıxışlar, eləcə də Çinin dəstəyini dayandırması Putinin mövqeyini zəiflədə biləcək əsas amillər sırasındadır.