Kreml hərbi təzyiqi davam etdirməklə Ukrayna və Qərbi güzəştlərə məcbur etməyə çalışır




 
Rusiya prezidenti Vladimir Putinin son çıxışı Kremlin müharibəni ilkin məqsədlərinə çatana qədər davam etdirmək niyyətindən əl çəkmədiyini göstərir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazıb.
 
Analitiklərin fikrincə, Moskva Ukrayna müdafiəsinin tezliklə çökəcəyi görüntüsünü yaratmağa çalışaraq Kiyev və Qərb müttəfiqlərini güzəştlərə sövq etmək istəyir.
 
ISW vurğulayır ki, Putinin Rusiyanın tükənməz resurslara malik olması və Ukrayna ordusunun bütün cəbhə boyunca geri çəkilməsi barədə iddiaları reallığı əks etdirmir. İnstitutun qənaətinə görə, Rusiya ordusunun hücum potensialı tədricən zəifləyir və Moskvanın yalnız hərbi yolla strateji məqsədlərinə çatması getdikcə çətinləşir.
 
Analitiklər həmçinin qeyd edirlər ki, Putin çıxışında Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin təsirini dolayı yolla etiraf edib, lakin neft emalı zavodlarına hücumlar və yanacaq çatışmazlığı kimi problemləri açıq şəkildə dilə gətirməyib.
 
ISW-nin qiymətləndirməsinə görə, Putin eyni zamanda Rusiyanın ərazi iddialarından geri çəkilmədiyini nümayiş etdirib və atəşkəsə hazır olmadığını bir daha göstərib. Bununla belə, o, beynəlxalq vasitəçilərlə qeyri-rəsmi təmasların davam etdiyini də bildirib.