"İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq təşkilatlar, xüsusilə BMT tərəfindən məqsədyönlü və sistemli strategiyanın hazırlanması zəruridir".
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
Deputat bildirib ki, əsir və itkin düşmüş şəxslərin hüquqlarının qorunması yalnız hüquqi deyil, həm də mühüm mənəvi və sosial əhəmiyyət daşıyan məsələdir:
"Azərbaycan xalqı, xüsusən də itkin ailələri 1988-ci ildən etibarən bu ağır problemin yaratdığı ağrı və iztirabla yaşamağa məcbur olub. İnsanların itkin düşməsi hallarının qarşısının alınması və itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində beynəlxalq diqqətin artırılması, beynəlxalq humanitar hüquq normalarına əməl olunmasının təşviqi və müasir yanaşmaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası 1949-cu il tarixli Cenevrə Konvensiyalarına qoşulmaqla bu sahədə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirib və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıb.
Bu siyasətin mühüm elementlərindən biri 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupunun yaradılması olub. Dövlət Komissiyasının İşçi qrupu həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə qarşısında duran vəzifələri layiqincə yerinə yetirib. Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Komissiyanın qarşısında daha mürəkkəb və məsuliyyətli vəzifələr dayanır. Bunlara itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinin aparılması, aşkarlanan insan qalıqlarının eyniləşdirilməsi və onların ailələrinə təhvil verilməsi daxildir".
Deputatın sözlərinə görə, son illərdə itkin-şəhidlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və dəfn mərasimlərinin təşkili itkin ailələrində böyük ümid yaradıb:
"Bununla yanaşı, bu istiqamətdə fəaliyyətin daha səmərəli təşkili üçün maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyaların tətbiqi, kadr potensialının artırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi vacibdir.
İtkin düşmüş şəxslərlə bağlı vahid qeydiyyat və məlumat bazasının hüquqi əsaslarının təkmilləşdirilməsi, ailələrin məlumat almaq hüququnun daha səmərəli təmin edilməsi, dövlət qurumları arasında koordinasiya mexanizmlərinin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığın hüquqi mexanizmlərinin genişləndirilməsi vacib məsələlərdəndir.
İtkin düşmüş şəxslərlə bağlı məsələlərin Milli Məclisin aidiyyəti komitələri ilə Dövlət Komissiyasının birgə iclasında müzakirə edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, Dövlət Komissiyasının əməkdaşlarına müvafiq sosial imtiyazların verilməsi, həmçinin xüsusi texnikaların gömrük və vergi rüsumlarından azad olunması məsələlərinə baxılması məqsədəuyğundur".
Pərvin Şakirqızı