Yeni araşdırma təkamül haqqında təsəvvürləri dəyişir.


Alimlər insanın qədim əcdadlarının təkamülü ilə bağlı indiyədək qəbul edilən fikirləri şübhə altına alan yeni araşdırma aparıblar. 






Moderator.az xəbər verir ki, bu barədə "earth.com" nəşri yazıb.


Tədqiqat göstərib ki, insan əcdadlarının bədən ölçüləri milyonlarla il ərzində tədricən böyüməyib. Əksinə, təxminən iki milyon il əvvəl onların bədən kütləsində kəskin sıçrayış baş verib.


Araşdırma Böyük Britaniyanın Redinq Universitetindən Ceykob Qardnerin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Tədqiqatçılar 21 hominin növünə aid 386 fosil qalığını təhlil edərək, tapıntıların yaşının və qədim növlər arasındakı qohumluq əlaqələrinin qeyri-müəyyənliyini də nəzərə alan yeni analiz metodundan istifadə ediblər.


Bədən çəkisi birdən artıb


Nəticələr göstərib ki, uzun müddət insan əcdadlarının bədən kütləsi demək olar ki, dəyişməyib. Lakin təxminən iki milyon il əvvəl "Homo" cinsinin daha sonrakı nümayəndələrinin meydana çıxması ilə eyni vaxtda bədən ölçülərində nəzərəçarpacaq artım baş verib.


Alimlərin hesablamalarına görə, erkən avstralopiteklərin orta çəkisi təxminən 40 kiloqram olub. Daha sonra ortaya çıxan "Homo erectus" və "Homo ergaster" isə təxminən 60 kiloqram çəkiyə çataraq müasir insanlara daha yaxın göstəricilər nümayiş etdiriblər.


Həyat tərzindəki dəyişikliklər mühüm rol oynayıb


Tədqiqat müəlliflərinin fikrincə, bədən ölçülərinin artması qədim insanların həyat tərzində baş verən ciddi dəyişikliklərlə əlaqəli ola bilər. Məhz həmin dövrdə onlar iki ayaq üzərində daha səmərəli hərəkət etməyə, uzun məsafələr qət etməyə, daha fəal ov etməyə və qida rasionunda ətin payını artırmağa başlayıblar. Bununla belə, alimlər hələlik bu dəyişikliklərin səbəb, yoxsa nəticə olduğunu dəqiq müəyyən edə bilməyiblər.


Araşdırma həmçinin göstərib ki, insan təkamülü vahid ssenari üzrə getməyib. "Homo floresiensis" və "Homo naledi" kimi bəzi növlər kiçik bədən ölçülərini qoruyub saxlayaraq iri bədənli qohumlarının inkişaf yolunu təkrarlamayıblar. Bu isə insan təkamülünün eyni vaxtda bir neçə müstəqil istiqamətdə inkişaf etdiyini göstərir.


Tədqiqat müəllifləri bildirir ki, istifadə olunan yeni metod insanın təkamül tarixini daha dəqiq bərpa etməyə imkan verir. Gələcəkdə bu yanaşmanın beynin inkişafı, ətrafların quruluşu və müasir insanın formalaşmasında mühüm rol oynamış digər xüsusiyyətlərin öyrənilməsində də tətbiq edilməsi planlaşdırılır.