ABŞ-la danışıqlara görə Qalibafa hədə-qorxu gələn məşhur İran dövlət tele-aparıcısı qəfil həyatını itirdi...-KİV
01 Jul 2026, 07:41 33 baxış 2 dəq oxuma
İranın tanınmış televiziya aparıcısı və teokratik rejimin təbliğatçısı Fərzad Cəmşidi dünən - iyunun 30-da 56 yaşında gözlənilmədən vəfat edib.
Moderator.az bu haqda İsrailin "9-cu kanal" nəşrinə istinadla xəbər verir.
Məlumatda deyilir ki, İran mediası, o cümlədən "Tasnim" xəbər agentliyi onun qəfil ürək tutmasından öldüyünü bildirir. Lakin jurnalistlərin açıqlamalar aldığı qohumlarının sözlərinə görə, aparıcının heç bir xəstəliyi olmayıb.
Cəmşidi uzun illər dövlətə məxsus İran İslam Respublikası Yayım Şirkətində (Islamic Republic of Iran Broadcasting- IRIB) çalışıb.
O, ən böyük şöhrətini dini və sosial-siyasi proqramları ilə qazanıb.
Aparıcı hüquq dərəcəsi və Quranşünaslıq üzrə doktorluq dərəcəsinə malik olub, həmçinin dövlət yayım sistemində inzibati vəzifələr tutub.
Son aylarda Cəmşidi İranın siyasi rəhbərliyini və ABŞ-İran razılaşmalarını sərt tənqid edib.
Moderator.az-ın araşdırmasından bəlli olub ki, "Azad İran" telegram-kanalı da məlumatı təsdiqləyib. Lakin tanınmış aparıcının qəfil ölümünü xeyli fərqli kontekstə təqdim edib:
"Gecələr meydanlarda parlament sədri Qalibafa hədə-qorxu gələn İran Dövlət Televiziyasının (IRIB) aparıcısı Fərzad Cəmşidi bu səhər qəfildən infarkt keçirərək həyatını itirib..."