Ukraynanın uzaqmənzilli raket və PUA-ları artıq Rusiyanın dərinliklərindəki hədəfləri vurur




 
Ukrayna ordusunun uzaqmənzilli raket və pilotsuz uçuş aparatları artıq Rusiya ərazisinin təxminən yarısına çata bilir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşrin yazdığına görə, bu il Rusiya əhalisinin 70 faizdən çoxunun yaşadığı bölgələrdə ən azı bir dəfə raket təhlükəsi elan edilib. Həyəcan siqnalları artıq təkcə sərhədyanı ərazilərdə deyil, həm də Moskva ətrafında, Volqaboyu, Şimali Qafqaz, Ural və hətta Sibirin bəzi bölgələrində qeydə alınır.
 
Nəşr qeyd edir ki, bu, Ukraynanın uzaqmənzilli zərbə imkanlarının əhəmiyyətli dərəcədə artdığını göstərir. Hərbi analitiklərin fikrincə, bu hücumlar təkcə hərbi deyil, həm də iqtisadi və psixoloji təsir göstərərək Rusiyanın hərbi-sənaye infrastrukturunu hədəfə alır.
 
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna qüvvələri cəbhədən 1300 kilometrdən çox uzaqda yerləşən Ufa neft emalı zavoduna növbəti dəfə zərbə endirib. Onun sözlərinə görə, Penza vilayətində raket silahları üçün komponentlər istehsal edən strateji hərbi-sənaye obyekti də vurulub.

Ukrayna Təhlükəsizlik Xidməti isə işğal altındakı Krımın "Saki" hərbi hava limanına zərbə endirildiyini açıqlayıb. Məlumata görə, beş PUA zərbəsi nəticəsində Su-30 və Su-30SM qırıcılarının saxlanıldığı anqarlar vurulub, ən azı bir təyyarənin məhv edildiyi ehtimal olunur.