Nüfuzlu nəşrlər Ukraynanın zərbələrinin Rusiyada narazılığı artırdığını, Putinin isə müharibədən geri çəkilmək istəmədiyini yazır




 
Son günlərdə Rusiya prezidenti Vladimir Putinin vəziyyəti getdikcə çətinləşir.
 
Moderator.az xəbər verir ki, bu barədə Qərbin bir sıra nüfuzlu nəşrləri yazıb.
 
Nəşrin müəllifləri Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin Kreml üçün həm hərbi, həm iqtisadi, həm də siyasi problemlər yaratdığı qeyd edir.

"The Atlantic" yazır ki, Ukraynanın Moskva və ətrafındakı strateji obyektlərə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr Putinin nüfuzuna ciddi zərbə vurur. Nəşrin fikrincə, bu hücumlar Moskvanın təhlükəsizliklə bağlı yaratdığı "toxunulmazlıq" görüntüsünü dağıdır, neft infrastrukturuna zərbələr isə Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını zəiflədir. Məqalədə həmçinin Rusiyada müharibə əleyhinə əhval-ruhiyyənin gücləndiyi və internetdə "müharibə nə vaxt bitəcək?" axtarışlarının rekord həddə çatdığı vurğulanır.

"Financial Times" isə bildirir ki, Rusiya cəmiyyətində müharibə yorğunluğu getdikcə artır, lakin Putin maksimum tələblərindən geri çəkilmək niyyətində deyil. Nəşr qeyd edir ki, Kreml rəhbərinin reytinqi son illərin ən aşağı səviyyəsinə enib, ekspertlər isə onun qərarlarını reallıqdan uzaq hesab edirlər. Məqalədə Putinin hakim "Vahid Rusiya" partiyası ilə daha sıx əlaqələndirilməsi də onun artan siyasi təcridinin əlaməti kimi qiymətləndirilir.
 
"The New York Times" isə hesab edir ki, Ukraynanın Rusiyanın neft infrastrukturu, logistika və Krım istiqamətində intensivləşdirdiyi hücumlar Putinə qarşı təzyiqi daha da artırıb. Nəşrin yazdığına görə, yanacaq qıtlığı, hava limanlarının fəaliyyətinin pozulması və cəbhədə irəliləyişin ləngiməsi Kremlin vəziyyətini ağırlaşdırır. Buna baxmayaraq, Putin hələ də açıq şəkildə danışıqlara hazır olduğunu nümayiş etdirmir.
 
Beləliklə, Qərb mətbuatının ümumi qənaətinə görə, Ukraynanın son zərbələri Rusiyanın daxili sabitliyinə və Kreml rəhbərliyinə təzyiqi artırsa da, Putin hələlik müharibə kursunu dəyişmək niyyətində görünmür.