“Əsas bəbirlərin yaşadığı ərazilər Hirkan meşələri, Zəngəzur dağları və Qarabağ yaylasıdır. Bizdə ərazi məhduddur. Naxçıvanda hər il 5-6 bəbir doğulur. Onlar orada qalmırlar, böyüyəndən sonra digər ərazilərə köçüb gedirlər. Ermənistan üzərindən onlar Gürcüstana gedib çıxırlar. Hətta Türkiyədəki Qaradəniz sahillərinə qədər getdiklərini müşahidə etmişik. Onların üzərində xallar var. Hər fərdin xalları o birisindən fərqlənir. O xallara baxanda təxmin edirik ki, heyvanlar hansı məsafələri qət ediblər. Bəbirlərin sayı stabil olaraq qalır. Çünki ərazi məhduddur. Hardasa 15-20 bəbir var. Bir də görürsən 3-4 ay kameralara düşmürlər, sonra görünürlər. Qonşu ərazilərə köçüb gedirlər, sonra qayıdırlar”.
Bunu Moderator.az-a açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov deyib.
O daha sonra əlavə edib:
“Müşahidə kameralarımız əsasən bəbirlərin mühafizəsi layihəsi çərçivəsində quraşdırılıb. Bəbirləri monitorinq etməkdə məqsədimiz var. Daha çox bəbirlər yaşayan ərazilərə o kameraları quraşdırırıq. Hazırda kameralarımız daha çox Kəlbəcər, Ağdərə bölgəsində, Tərtərçay vadisindədir. Ötən il bəbirin həmin ərazidə videosunun çəkilməsinə müvəffəq olduq. İndi də orada kameralarımız işləyir. Fikrimiz var ki, yaxın gələcəkdə onların sayını artıraq. Çünki birazdan orada Qarabağ Milli Parkı yaradılacaq. Rəsmi olaraq 100 min hektara yaxın ərazini əhatə edəcək. Biz də orada müşahidələrimizi aparmağa davam edəcəyik. Bu parkın sərhədləri artıq bəllidir. Əsasən Kəlbəcər, Ağdərə, Xocalı, qismən Laçın rayonlarını əhatə edir. Daha çox meşəlik ərazilərdə olacaq. Bircə qalıb ki, dövlət tərəfindən bu sənədlər imzalansın və bu park işə başlasın. Ondan sonra parkın öz ştatı olacaq. Biz də öz tərəfimizdən onlara monitorinq işində dəstək olmağa hazırlaşırıq”.