ABŞ "B-2 Spirit" üçün yeni silahı uğurla sınaqdan keçirdi - "The War Zone"
01 Jul 2026, 14:25 29 baxış 2 dəq oxuma
Analitiklər bunu Hind-Sakit okean regionunda, ilk növbədə Çinə ünvanlanan mühüm mesaj hesab edirlər
ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə olaraq "B-2 Spirit" strateji bombardmançısından AGM-158C LRASM gəmi əleyhinə qanadlı raketini uğurla sınaqdan keçirib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "The War Zone" hərbi-analitik nəşri məlumat yayıb.
ABŞ-ın TWZ hərbi-analitik nəşri yazır ki, bu, B-2-nin hərbi gəmilərə qarşı imkanlarını xeyli artırır və mümkün Çin ssenarisi baxımından xüsusi əhəmiyyət daşıyır. Sınaq "Valiant Shield 2026" təlimləri çərçivəsində keçirilib. Raket hədəf kimi istifadə olunan istismardan çıxarılmış "USS Juneau" desant gəmisinə buraxılıb və gəmi zərbələrdən sonra batırılıb.
LRASM dünyanın ən müasir gəmi əleyhinə raketlərindən biri hesab olunur. Raket marşrutu müstəqil müəyyən edir, hava hücumundan müdafiə sistemlərini keçə bilir və hədəfin ən zəif nöqtəsini seçərək zərbə endirir.
Ekspertlərin fikrincə, görünməzlik ("stealth") texnologiyasına malik B-2 ilə bu raketin birləşməsi ABŞ-ın dənizdə zərbə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir. Analitiklər hesab edir ki, bu sınaq təkcə yeni hərbi imkanların nümayişi deyil, həm də Hind-Sakit okean regionunda artan gərginlik fonunda Pekinə ünvanlanmış açıq mesajdır.