Mütəxəssislər xəbərdarlıq edir ki, güclü "El-Ninyo" fenomeni bəşəriyyət üçün ciddi iqlim təhlükəsi yarada bilər




 
Sakit okeanda rekord həddə çatan su istiliyi fonunda alimlər Yerə çatan günəş şüalarının miqdarını süni şəkildə azaltmağı təklif edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
 
Nəşr yazır ki, bu təşəbbüs tarixdə ən güclü "El-Ninyo" fenomeninin mümkün fəsadlarını yumşaltmaq məqsədi daşıyır. Məlumata görə, 2025-ci ilin sonunda Sakit okeanda uzunluğu 14,5 min kilometrdən çox olan nəhəng isti su zolağı yaranıb.
 
Alimlər hesab edir ki, bu proses son 140 ilin ən güclü "El-Ninyo" hadisəsinə səbəb ola və qlobal iqlimə, okean ekosistemlərinə, eləcə də dünya iqtisadiyyatına ağır zərbə vura bilər.
 
Tədqiqatçılar çıxış yolu kimi stratosferə kükürd tərkibli aerozolların püskürdülməsini təklif edir. Onların fikrincə, bu hissəciklər Günəş şüalarının bir hissəsini kosmosa əks etdirərək Yer səthinin həddindən artıq isinməsinin qarşısını ala bilər. 
 
Modelləşdirmənin nəticələrinə əsasən, belə üsul okeanların böyük hissəsini həddindən artıq istiləşmədən qoruya bilər. Bununla yanaşı, bir çox mütəxəssis bu texnologiyanın ciddi risklər daşıdığını vurğulayır.
 
Onların fikrincə, atmosferə müdaxilə mussonların pozulmasına, hava axınlarının dəyişməsinə və dünyanın müxtəlif bölgələrində gözlənilməz iqlim fəsadlarına səbəb ola bilər.
 
Layihə müəllifləri də etiraf edir ki, geomühəndislik yalnız müvəqqəti həll yoludur. Onların sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizənin əsas yolu atmosferə buraxılan istixana qazlarının emissiyasını kəskin azaltmaqdır.