Rusiya ordusunda canlı qüvvə itkiləri hərbi planlaşdırmanın ayrılmaz hissəsinə çevrilib


ABŞ nəşrlərinin təhlillərinə görə, Rusiya ordusu Ukraynaya qarşı müharibədə hər ay təxminən 30 min hərbçi itirir.






Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist "gordonua.com" nəşrindəki bloqunda yazıb.


Onun sözlərinə görə, dron görüntülərinin təhlili göstərir ki, ön xəttə göndərilən əsgərlərin orta ömür müddəti cəmi 20-35 dəqiqədir, çağırışla ölüm arasında isə çox vaxt üç həftədən artıq vaxt keçmir.


Müəllif bildirir ki, bu məlumatlar Ukraynanın təbliğatı deyil, ABŞ mediasında dərc olunmuş analitik materiallara əsaslanır. O hesab edir ki, bu statistikanın faciə kimi təqdim edilməsi Rusiyanın tarixən formalaşmış müharibə aparmaq üsullarını nəzərə almamaqdan irəli gəlir.


Nevzorovun fikrincə, Rusiya hərbi doktrinası baxımından əsgərin uzun müddət sağ qalması əlavə logistika problemləri yaradır. Belə olan halda onları qidalandırmaq, daşımaq, müalicə etmək və təxliyə etmək lazım gəlir. Müəllif iddia edir ki, buna görə də canlı qüvvə faktiki olaraq sərf olunan resurs kimi qiymətləndirilir.


Publisist yazır ki, hazırda müqavilə əsasında xidmət edən hərbçilərin böyük əksəriyyəti "güllə və PUA tutan" qüvvə kimi istifadə olunur. Onun iddiasına görə, onların əsas vəzifəsi Ukrayna pilotsuz uçuş aparatlarının zərbəsini öz üzərinə götürmək və ağır yaralansalar belə irəliləməyə çalışmaqdır.