Yaş artdıqca fiziki və zehni imkanların zəifləməsi qaçılmaz deyil.


Yel Universiteti alimlərinin apardıqları yeni araşdırma qocalıq haqqında yayılmış təsəvvürü şübhə altına alıb. 






Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.


Yaşlanmaq həmişə zəifləmək demək deyil


"Geriatrics" jurnalında dərc olunan tədqiqata görə, 65 yaşdan yuxarı insanların əhəmiyyətli hissəsində illər keçdikcə fiziki və ya zehni göstəricilər, bəzilərində isə hər ikisi yaxşılaşıb. Tədqiqat ABŞ-da yaşlı insanlar arasında 10 ildən çox müddətdə toplanmış məlumatlara əsaslanıb. Nəticələr göstərib ki, 65 yaşdan yuxarı iştirakçıların təxminən 45 faizində ən azı bir sahədə - fiziki və ya zehni funksiyalarda ölçülə bilən irəliləyiş qeydə alınıb.


Minlərlə insan üzərində aparılan müşahidə


Alimlər 11 mindən çox şəxsin məlumatlarını təhlil ediblər. Zehni qabiliyyətlər xüsusi testlərlə, fiziki vəziyyət isə əsas sağlamlıq göstəricilərindən biri hesab edilən yerimə sürəti ilə qiymətləndirilib.


10-12 il davam edən müşahidələr zamanı iştirakçıların 32 faizində zehni, 28 faizində isə fiziki göstəricilər yaxşılaşıb. Bir çox hallarda bu dəyişikliklər tibbi baxımdan da əhəmiyyətli hesab edilib.


Müsbət düşüncə mühüm rol oynayır


Araşdırma müəllifləri müəyyən ediblər ki, qocalığa daha müsbət yanaşan insanların həm yerimə sürətini, həm də zehni qabiliyyətlərini yaxşılaşdırmaq ehtimalı daha yüksəkdir. Bu əlaqə yaş, cins, təhsil, xroniki xəstəliklər və depressiya kimi amillər nəzərə alındıqdan sonra da öz qüvvəsini saxlayıb.


Alimlərin fikrincə, cəmiyyətdə qocalıqla bağlı formalaşmış mənfi stereotiplər insanların davranışına və nəticədə sağlamlığına təsir edə bilər. Tədqiqat müəllifləri hesab edirlər ki, nəticələr yaşlanmanın qaçılmaz tənəzzül olmadığına dair təsəvvürün dəyişməsinə və yaşlı insanların sağlamlığının qorunmasına yönəlmiş proqramlara daha çox investisiya yatırılmasına töhfə verə bilər.