“Doğum günümdə ən böyük arzum dövlətimlə, ölkəmlə bağlıdır. İstəyirəm ki, firavanlıq içərisində yaşayaq. Azərbaycanın bu xoş günlərini görüb o qədər sevinirəm ki.. Ölkəmizə göz dəyməsin. Bu mənim ürəkdən gələn səmimi sözlərimdir. Doğma teatrımın kollektivindən, ələxsus da gənclərdən çox razıyam. Allah onları dar günə salmasın. Yer-göy qədər onlardan razıyam. O gəncləri övladım qədər sevirəm, hörmət edirəm”


Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış aktrisa Lətifə Əliyeva deyib. O daha sonra arzularından danışıb:








“Əlbəttə ki, aktrisanın ən böyük arzusu səhnədə olmaq, rol oynamaqdır. Bu mənim həmişə ürəyimdədir. Mən sənətdən doymamışam. Ürəyimdə rollar qalıb. İndi doysam da, doymasam da əlimdən nə gəlir?! Bu yaşımda da bir ana rolu oynamaq istəyirəm. Bu dəqiqə mənfi ana rolları çoxdur, amma mən müsbət bir ana rolu istəyirəm. Mən istəyirəm ki, elə bir ana rolu oynayım ki, o qədər yaxşı olsun ki, yaxşılıqdan küçələrdə məhv olsun. Onun-bunun dərdini çəkən ana rolu istərdim. Mən həyatda çox əziyyət çəkmişəm. Bu rolu oynasam öz həyatımdan da nələrsə qata bilərəm” deyə sənətkar bildirib.




Xalq artisti onu tamaşaçılara sevdirən və tanıtdıran “Bəyin oğurlanması” filmindəki rolundan da danışıb:




“Bəyin oğurlanması” filmini bu gün tez-tez efirdə göstərirlər. Təəssüflər olsun ki, filmlərdə məni ürəyim istəyən kimi çəkmədilər. Yalan nə deyim. Mən Vaqif Mustafayeva hər zaman təşəkkür edirəm. Orada elə obrazlar var ki, əlbəttə ki, rejissor onları da göstərməlidir. Təkcə mənimlə film olmur ki.. Amma filmdəki mövzunun bir hissəsi mənə də aiddir. Əsas rejissor o idi. Belə çəkdi, amma istərdim ki, kaş orada rolum daha böyük olardı. Bunu tək mən demirəm ki.. Tamaşaçılar da deyir. Belə məsləhət bilib, belə də çəkib. Mən bu gün də Vaqif müəllimə minnətdarlığımı bildirirəm” deyə sənətkar bildirib.