"Time" jurnalı ABŞ-ın 250 illiyinə həsr olunan üz qabığında yerli xalqları unudub" - "L'AntiDiplomatico"
02 Jul 2026, 14:40 29 baxış 2 dəq oxuma
Bu, təsadüfi səhv deyil, ABŞ tarixində yerli xalqların rolunun uzun illər kölgədə saxlanmasının növbəti nümunəsidir
ABŞ-ın 250 illiyinə həsr olunan "Time" jurnalının üz qabığında ölkənin siyasi, mədəni və texnoloji nailiyyətləri təsvir olunsa da, bu torpaqlarda avropalılar gəlməzdən əvvəl yaşayan yerli xalqlara yer verilməyib.
Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın "L'AntiDiplomatico" nəşri yazıb.
ABŞ tarixi 1776-cı ildən başlamayıb
Müəllif bunu təsadüfi səhv deyil, tarixdə kimin xatırlanacağına, kimin isə unudulacağına dair köhnə müstəmləkəçilik yanaşmasının davamı hesab edir. Məqalədə vurğulanır ki, 1776-cı ildən əvvəl də bu ərazilərdə yüzlərlə yerli xalq, inkişaf etmiş icmalar və siyasi qurumlar mövcud idi. ABŞ-ın yaranması onların tarixinin başlanğıcı deyil.
Fəthin görünməyən tərəfi
Müəllif xatırladır ki, ABŞ-ın genişlənməsi boş torpaqlarda baş verməyib. Yerli xalqlarla yüzlərlə müqavilə bağlansa da, sonradan onların torpaqları əllərindən alınıb, məcburi köçürmələr həyata keçirilib və rezervasiyalar yaradılıb. Yazıda bildirilir ki, dəmir yolları, milli parklar və digər milli simvollar təqdim olunarkən bu proseslərin arxasında qalan yerli xalqların taleyi çox vaxt diqqətdən kənarda qalır.
Müxtəliflik iddiası və tənqid
Məqalədə qeyd olunur ki, bu gün ABŞ-da federal səviyyədə tanınan yüzlərlə yerli tayfa yaşayır və milyonlarla insan özünü Amerika hindusu və ya Alyaska yerlisi hesab edir. Buna baxmayaraq, "Time" jurnalının "Bizim Amerika" adlı yubiley üz qabığında onlara yer ayrılmayıb.
Müəllif hesab edir ki, bu seçim ABŞ-ın müxtəliflik barədə verdiyi mesajla ziddiyyət təşkil edir. Onun fikrincə, ölkənin 250 illik yubileyi yalnız nailiyyətləri deyil, həm də yerli xalqların tarixini və üzləşdikləri ədalətsizlikləri xatırlamaq üçün imkan ola bilərdi.