Rusiya ordusu ilə xüsusi xidmət orqanları arasında uzun illərdir davam edən rəqabət müharibə dövründə daha da kəskinləşib.
 




Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri yazıb.
 
Nəşr yazır ki, Ukraynaya qarşı müharibə başlayandan bəri rusiyalı generallar raket zərbələri, dron hücumları, avtomobil partlayışları, aviaqəzalar və cəbhədəki döyüşlər nəticəsində həlak olurlar. 
 
Nəşrin istinad etdiyi Avropa kəşfiyyat mənbəsinin sözlərinə görə, bu itkilər Rusiya ordusu ilə Federal Təhlükəsizlik Xidməti (FTX) arasında gərginliyi artırır. Mənbə iddia edir ki, hərbçilər generalların təhlükəsizliyinin təmin olunmasını FTX-dən tələb etsələr də, xüsusi xidmət orqanları bu məsuliyyəti öz üzərinə götürmək istəmir.
 
Onun fikrincə, bu vəziyyət sovet dövründən qalan rəqabətin davamıdır və xüsusi xidmət orqanları ənənəvi olaraq ordudan daha üstün mövqedə olub. Rusiyalı müxalif siyasətçi Maksim Kats isə bildirib ki, Kreml bir tərəfdən müharibəni davam etdirmək üçün təcrübəli generallara ehtiyac duyur, digər tərəfdən isə onları potensial siyasi təhlükə kimi görür. 
 
Onun sözlərinə görə, Rusiya hakimiyyəti tarixən nüfuz qazanan hərbi fiqurlardan ehtiyat edib və buna görə də ordu siyasi sistemdə zəif mövqedə saxlanılıb. Nəşrin həmsöhbətləri hesab edirlər ki, yüksək rütbəli zabitlərin itirilməsi yalnız hərbi deyil, həm də psixoloji baxımdan əhəmiyyətlidir və bu, artıq aşağı qiymətləndirilən döyüş ruhuna mənfi təsir göstərə bilər.
 
Məqalədə həmçinin qeyd olunur ki, Rusiya ərazisində diversiya əməliyyatları davam edir. "Rusiya Azadlığı" legionunun nümayəndəsinin sözlərinə görə, qışda Moskva yaxınlığında "Qazprom"a məxsus altı qazpaylayıcı stansiyanın məhv edildiyi əməliyyat nəticəsində milyonlarla dollar ziyan vurulub.