Bu qeyri-adi göbələk radiasiyanı enerji mənbəyinə çevirmək qabiliyyətinə malik ola bilər
Çernobıl AES-də baş vermiş faciədən təxminən 40 il sonra alimlər qəza zonasındakı həyatın necə uyğunlaşdığını araşdırmağa davam edirlər.
Moderator.az xəbər verir ki, bu barədə "sciencealert.com" nəşri yazıb.
Tədqiqatçıların diqqətini xüsusilə dördüncü enerji blokunun xarabalıqlarında aşkar edilən "Cladosporium sphaerospermum" adlı qara kif göbələyi cəlb edir.
Araşdırmalara görə, bu göbələk yüksək radiasiya şəraitində inkişaf edə bilir və radioaktiv çirklənməni digər növlərlə müqayisədə daha çox mənimsəyir. Sonrakı təcrübələr isə ionlaşdırıcı şüalanmanın onun inkişafını sürətləndirə biləcəyini göstərib.
Alimlər bunun əsasında "radiosintez" fərziyyəsini irəli sürüblər. Ehtimala görə, göbələyin hüceyrələrindəki melanin bitkilərdəki xlorofil kimi fəaliyyət göstərərək radiasiya enerjisini orqanizmin istifadə edə biləcəyi formaya çevirə bilər.
Bununla belə, nəşr qeyd edir ki, bu nəzəriyyə hələ tam sübuta yetirilməyib. Mütəxəssislər göbələyin həqiqətən radiasiyadan "qidalandığını", yoxsa bunun sadəcə ekstremal şəraitdə sağ qalmağa kömək edən müdafiə mexanizmi olduğunu müəyyənləşdirməyə çalışırlar.