İran mediasında rezonans doğuran çağırış fonunda Tehran və Vaşinqton arasında dolayı nüvə danışıqları Xameneinin dəfn mərasiminə görə ertələnib.
Moderator.az xəbər verir ki, bu barədə "ntv.ru" nəşri yazıb.
Tramp və Netanyahuya görə qızıl mükafatı
İranın Vəramin şəhərində keçirilən hakimiyyət tərəfdarlarının mitinqində ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunu öldürən şəxsə 100 kiloqram xalis qızıl veriləcəyi elan edilib. Çıxış edən aparıcı bildirib ki, bu təşəbbüsün bütün ölkə üzrə dəstəklənəcəyi və mükafat fondunun gələcəkdə 1 tona qədər qızıla çatacağı gözlənilir. İranın "EcoIran" nəşrinin məlumatına görə, bu, hökumətin rəsmi qərarı deyil, yerli fəalların təşəbbüsüdür.
ABŞ-la danışıqlar təxirə salındı
Bu arada, Qətər və Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında Dohada keçirilən dolayı danışıqlarda müəyyən irəliləyiş əldə olunduğu bildirilib. Tərəflər növbəti görüşün İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimindən sonra keçirilməsi barədə razılığa gəliblər. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də danışıqların müsbət getdiyini və nüvə proqramı üzrə müzakirələrin yaxın vaxtlarda davam edəcəyini söyləyib.
İran ABŞ və İsrailə xəbərdarlıq etdi
Xameneinin dəfn mərasimi ərəfəsində İran ordusunun "Xatəm əl-Ənbiya" qərargahının komandanlığı ABŞ, İsrail və onların müttəfiqlərini hər hansı hərbi addımdan çəkinməyə çağıraraq, mümkün hücumlara "sərt cavab" veriləcəyi barədə xəbərdarlıq edib.
Bu fonda yayımlanan yeni peyk görüntülərində Natanz, Fordo və İsfahan nüvə obyektlərində müdafiə tədbirlərinin gücləndirildiyi, yeraltı obyektlərin girişlərində əlavə maneələrin qurulduğu müşahidə edilib. Analitiklər bunu mümkün hava zərbələrinə qarşı hazırlıq kimi qiymətləndirirlər.