Qalmaqallı açıqlama, hakim koalisiyadakı narahatlıq və müxalifətin hücumları İsrail siyasətində gərginliyi daha da artırıb


İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr 2023-cü il hadisələrindən sonra şəxsi həyatında nəyin dəyişdiyi ilə bağlı suala gülərək "Bir az arıqladım" cavabını verib. Bu açıqlama ölkədə böyük narazılığa səbəb olub. 






Moderator.az xəbər verir ki, bu barədə "istaelinfo.co" nəşri yazıb.


Qalmaqallı sözlər etiraz doğurdu


Sosial şəbəkələrdə, siyasətçilər və həlak olanların ailələri arasında baş nazir sərt tənqid edilib, bəzi istifadəçilər və ictimai xadimlər onu "psixopat", "reallıqdan uzaq" və "xalqın faciəsinə laqeyd" adlandırıblar. Müxalifət isə faciənin səbəblərinin araşdırılması üçün dövlət istintaq komissiyasının yaradılmasını tələb edir.


Hakimiyyətdə narahatlıq artır


İsrail KİV-lərinin məlumatına görə, hakim koalisiya parlamentin buraxılması haqqında qanunu mümkün qədər tez qəbul etməyə çalışır. İddialara əsasən, hakimiyyət seçki elan olunmazdan əvvəl müxalifətin narazı koalisiya deputatları ilə birləşərək alternativ hökumət qurmasından ehtiyat edir. Bu səbəbdən parlamentin buraxılması prosesinin sürətləndirildiyi bildirilir.


Müxalifət Netanyahunun istefasını istəyir


Keçmiş baş nazir Naftali Bennett Netanyahunu "reallıqdan uzaq", "səriştəsiz" və "korrupsiyaya bulaşmış" siyasətçi adlandıraraq onun istefa verməli olduğunu bildirib. İsrail mətbuatında dərc olunan şərhlərdə də qeyd edilir ki, ölkə hərbi sahədə müəyyən uğurlar qazansa da, hökumətin müharibədən sonrakı dövr üçün aydın siyasi strategiyası yoxdur. Analitiklərin fikrincə, cəmiyyətdə hakimiyyətə inamsızlıq getdikcə dərinləşir və bu, ölkədə siyasi böhranı daha da gücləndirir.