Bu ifadələr dərin emosional travmaların və toksiki münasibətlərə alışmağın əlaməti ola bilər
Sevgi insan həyatının ən vacib hissələrindən biridir. Sağlam münasibətlər və yaxın insanların dəstəyi xoşbəxtlik gətirsə də, davamlı hörmətsizlik və sevgisizlik insanın həm özünə, həm də ətrafındakı dünyaya baxışını dəyişir.
Moderator.az xəbər verir ki, bu barədə "yourtango.com" nəşri yazıb.
Etimadsızlıq və özünə dəyər verməmək
Mütəxəssislərin fikrincə, uzun müddət sağlam münasibət görməyən insanlarda zamanla bəzi mənfi düşüncə və davranışlar formalaşır. Onlar bunu adi hal kimi qəbul edir, nəticədə isə qarşı tərəfin zərərli davranışlarına qarşı dözümlü olmağa başlayırlar.
Psixologiya və gender araşdırmaları üzrə redaktor Zayda Slabbekornun sözlərinə görə, heç vaxt səmimi və sağlam sevgi yaşamayan qadınlar kişilər haqqında danışarkən müəyyən ifadələri tez-tez işlədirlər. Bu sözlər onların keçmiş travmalarını və toksiki davranışlara öyrəşdiklərini göstərir.
Kişilər haqqında formalaşan mənfi düşüncələr
Belə qadınların ən çox səsləndirdiyi fikirlərdən biri "Onlara etibar etmək olmaz" ifadəsidir. Uşaqlıq və ya əvvəlki münasibətlərdən qalan travmalar səbəbindən onlar hər kəsdən pislik gözləyir, sağlam münasibətlər qurmaqda çətinlik çəkirlər.
Digər geniş yayılmış ifadələr isə "Məndən çox şey gözləməyə dəyməz", "Bütün kişilər eynidir" və "Kişilər bu məsələdə bacarıqlı olmurlar" sözləridir. Mütəxəssisin fikrincə, bu düşüncə tərzi qadının öz dəyərini aşağı qiymətləndirməsinə və qarşı tərəfin yanlış davranışlarına bəraət qazandırmasına səbəb olur.
Toksiki münasibətlərə bəhanə axtarmaq
Psixoloq qeyd edir ki, "Mən onu dəyişə bilərəm", "Yəqin sadəcə məşğuldur", "Heç olmasa həyatımda biri var", "Əvvəllər çox yaxşı idi" və "Heç olmasa o, filan şeyi etmir" kimi ifadələr də sağlam olmayan münasibətlərdən xəbər verir.
Ekspertin sözlərinə görə, bu cür düşüncələr qadının öz sərhədlərini qorumaq əvəzinə, qarşı tərəfin davranışına bəhanə axtarmasına gətirib çıxarır. Nəticədə o, öz xoşbəxtliyindən və psixoloji rahatlığından imtina edərək toksiki münasibətləri davam etdirməyə meylli olur.