Ukraynanın uzaqmənzilli zərbələri Rusiyaya ciddi ziyan vursa da, Kreml hələlik strategiyasını dəyişmək üçün əsas görmür




 
Ukraynanın neft emalı zavodları, hərbi obyektlər və hətta Moskva istiqamətində həyata keçirdiyi hücumlar Rusiyada müharibənin təsirlərini getdikcə daha çox hiss etdirir. Buna baxmayaraq, Vladimir Putin hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, son həftələr Ukrayna uzaqmənzilli zərbələrinin miqyasını xeyli genişləndirib. Hücumlar nəticəsində Rusiyada yanacaq və logistika sahəsində problemlər yaranıb, işğal altındakı Krımda isə elektrik, su və yanacaq təminatında fasilələr qeydə alınıb.
 
Eyni zamanda, müharibənin uzanması fonunda Rusiya iqtisadiyyatına təzyiq artır, vergi yükü yüksəlir və cəmiyyətdə narazılıq dərinləşir. Qəzet yazır ki, Putin mövcud çətinlikləri etiraf etsə də, müharibəni davam etdirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir. Analitiklərin fikrincə, Kreml hələlik strategiyasını dəyişməyə hazır deyil və yaxın perspektivdə bu istiqamətdə ciddi dönüş gözlənilmir.
 
Ekspertlər hesab edirlər ki, yalnız Ukraynanın Rusiyanın hərbi sənayesi, logistika şəbəkəsi və təminat infrastrukturuna daha ağır zərbələr endirməsi Moskvanı mövqeyini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Lakin hazırkı mərhələdə Putinin müharibədən könüllü şəkildə imtina edəcəyi ehtimalı aşağı qiymətləndirilir.