Ankara İsraillə iqtisadi əlaqələri dayandırıb və Təl-Əvivin siyasətinin artıq bütün beynəlxalq ictimaiyyət üçün ciddi problem yaratdığını hesab edir




 
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin siyasəti nəticəsində artıq təkcə Yaxın Şərq üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün problemə çevrildiyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "CNN Türk" telekanalına müsahibəsində danışıb.
 
"İsrail hazırda özünə yeni düşmən axtarır. Bu, təkcə Türkiyənin və ya prezident Rəcəb Tayyib Ərdoğanın problemi deyil. İsrail bütün dünyanın problemidir. Bəşəriyyət artıq bu yükü daşıya bilmir. Biz bu məsələdə mövqeyimizdən geri çəkilməyəcəyik", - deyə Fidan vurğulayıb.
 
Nazirin sözlərinə görə, Ankara Qəzza bölgəsində baş verənlərə görə İsraillə iqtisadi əlaqələri tam dayandırıb. O qeyd edib ki, Türkiyənin 10 milyard dollarlıq ticarət dövriyyəsini dayandırması Təl-Əvivə ünvanlanmış açıq siyasi mesajdır. Fidan əlavə edib ki, bir sıra Avropa ölkələri də İsrailə silah tədarükünə embarqo tətbiq edib.
 
Türkiyə XİN rəhbəri həmçinin bildirib ki, dünyanın müxtəlif ölkələrində İsrailə qarşı narazılıq artır və bu, universitetlərdə, mediada və ictimai müzakirələrdə də özünü göstərir. Onun fikrincə, Baş nazir Benyamin Netanyahunun siyasəti ilk növbədə İsrail cəmiyyətinin özünə zərər vurub və ölkənin beynəlxalq aləmdə təcridini daha da dərinləşdirib.