Fransa, Belçika və Niderlandda iyunun son günlərində müşahidə olunan rekord istilər azı 3 700 nəfərin ölümünə səbəb olub.




 
Moderator.az xəbər verir ki, bu barədə "24.kz" nəşri məlumat yayıb.
 
Rəsmi məlumata görə, Fransada təxminən 2 025, Belçikada 1 200, Niderlandda isə 480-dək əlavə ölüm qeydə alınıb. Ən çox zərər görənlər yaşlı insanlar olub. Səhiyyə orqanları bildirirlər ki, yekun statistika daha yüksək ola bilər.


Meteoroloqların qiymətləndirməsinə görə, 20-28 iyun tarixlərindəki istilər regionun müşahidə tarixində ən ağır istilik dalğalarından biri olub. Havanın kəskin isti keçməsi enerji sistemində problemlər yaradıb, xəstəxanalar və təcili yardım xidmətləri isə həddindən artıq yüklənib.




Fransada 22-28 iyun həftəsində evlərdə qeydə alınan ölümlərin sayı əvvəlki həftə ilə müqayisədə 91 faiz artıb. Belçika Səhiyyə Nazirliyi isə bu səviyyədə yay ölüm göstəricisinin ölkə tarixində görünmədiyini açıqlayıb.
 
Bu arada, İspaniyada iyun ayındakı istilər bir mindən çox insanın həyatına son qoyub. Barselonada küçədə çalışan işçilərə istilik vurmasını vaxtında müəyyən etmək üçün nəbz və bədən temperaturunu izləyən ağıllı qolbaqlar paylanmağa başlanıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus istilik dalğalarını "müasir Avropanın səssiz qatili" adlandırıb. İqlim mütəxəssisləri bildirirlər ki, Avropa hazırda dünyada ən sürətlə istiləşən qitədir və iyulun əvvəlində güclü istilər artıq Almaniya, Çexiya, Macarıstan və Polşaya yayılıb.