ABŞ ilə İsrail arasında İran müharibəsi ilə bağlı ziddiyyətlər İranın yüksək vəzifəli rəsmilərinin hədəfə alınması fonunda kəskinləşib.




 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, Vaşinqton İsrailin İranın xarici işlər naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Baqir Qalibafı öldürmək planına qarşı çıxıb. ABŞ hesab edib ki, məhz bu şəxslərlə danışıqlar aparmaq mümkündür. Hətta Ağ ev mümkün hücumların qarşısını almaq üçün gizli kanallarla Tehrana xəbərdarlıq da göndərib.
 
Məqalədə bildirilir ki, ABŞ və İsrail əvvəlcə İranda hakimiyyət dəyişikliyi məqsədini bölüşsələr də, sonradan mövqeləri fərqlənib. Vaşinqton müharibədən çıxış yolları axtarmağa başlayıb, İsrail isə İran rəhbərliyinin tamamilə məhv edilməsinə üstünlük verib. Nəşrə görə, dönüş nöqtəsi mart ayında İranın milli təhlükəsizlik məsələlərinə cavabdeh olan Əli Laricaninin öldürülməsi olub.
 
Qərb diplomatları bildirir ki, ABŞ onun vasitəsilə dialoq qurmağa ümid edirdi, lakin bu imkan aradan qalxdı. Bundan sonra Vaşinqton Araqçı və Qalibafla işləməyə fokuslanıb. Onların iştirakı ilə əvvəlcə atəşkəs əldə olunub, daha sonra isə müharibənin başa çatdırılması üzrə çərçivə sazişi layihəsi hazırlanıb.
 
Saziş İranın nüvə proqramına ciddi məhdudiyyətlər tətbiq etməsi, əvəzində isə ABŞ-ın sanksiyaların bir hissəsini yumşaltmasını nəzərdə tuturdu. Lakin bu plan İsrailin baş naziri Benyamin Netanyahu komandasını qane etməyib, çünki Tehranda hakimiyyət dəyişikliyi perspektivini zəiflədirdi.
 
Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp da mart ayında İsrailin hədəfli qətllər taktikasının diplomatik prosesi pozduğunu açıq şəkildə bildirib.
Ekspertlərin fikrincə, İranın daha mötədil danışıqlar tərəfdarlarının sıradan çıxarılması və ölkə rəhbərliyində baş verən dəyişikliklər nəticəsində Tehranda daha gənc, daha radikal və daha sərt mövqeli bir hakimiyyət formalaşa bilər ki, onun əsas məqsədi qisas almaq olacaq.