Almaniyanın Münster Universitetində İslam ilahiyyatı fakültəsi fəaliyyətə başlayıb. Bu, təkcə Almaniyada deyil, bütün Qərbi Avropada dövlət universiteti nəzdində yaradılan ilk belə fakültə hesab olunur.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
Yeni fakültə əvvəllər fəaliyyət göstərən İslam ilahiyyatı mərkəzinin bazasında yaradılıb. Fakültəyə rəhbərlik edən avstriyalı alim Muhanad Korşid bildirib ki, əsas məqsəd açıq, müasir və elmi yanaşmaya əsaslanan İslam ilahiyyatını inkişaf etdirmək, həmçinin dinlərarası dialoqu gücləndirməkdir.
Universitetdə hazırda səkkiz professor və 50-dən çox əməkdaş çalışır. Rəhbərlik yaxın illərdə tələbələrin sayının 500-dən çox olacağını gözləyir. Almaniyada dövlət məktəblərində İslam dini tədrisinin genişləndirilməsi səbəbindən bu sahədə minlərlə müəllimə ehtiyac olduğu vurğulanır ki, bu da gələcək məzunlar üçün geniş karyera imkanları yaradır.
Bundan əlavə, 2027-ci ildən "İslam və sosial iş" üzrə magistr proqramının açılması planlaşdırılır. Məzunların gənclərlə, yaşlılarla və sosial xidmət sahəsində çalışacağı gözlənilir. Almaniyalı siyasətçilər yeni fakültənin açılmasını ölkədə və Avropada İslam ilahiyyatı sahəsində akademik inkişaf üçün mühüm addım kimi qiymətləndirirlər.