Rusiya Sumı şəhərinə aviasiya bombaları ilə zərbə endirdi, Ukrayna isə Rusiyanın enerji və liman infrastrukturunu hədəfə aldı


Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hücumlar davam edir.






Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.


Məlumatda deyilir ki, Rusiya ordusu Sumı şəhərinə altı idarəolunan aviasiya bombası (KAB) ilə zərbə endirib. Hücumlardan biri şəhərin mərkəzində yaşayış məhəlləsinə düşüb.


Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində azı 4 nəfər, o cümlədən 5 yaşlı uşaq həlak olub, 27 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var, bir neçə nəfərin vəziyyəti ağır qiymətləndirilir. Zərbələr yaşayış binalarına, mağazalara və digər mülki obyektlərə ciddi ziyan vurub.


Buna cavab olaraq Ukrayna gecə saatlarında Rusiyanın müxtəlif bölgələrinə pilotsuz aparat və raket hücumları həyata keçirib. Ən böyük zərbələrdən biri Sankt-Peterburqdakı Baltik dənizinin iri neft terminallarından birinə endirilib. Hücumdan sonra terminalda güclü yanğın baş verib.


Partlayışlar həmçinin Luqansk, Çuvaşıya və işğal altındakı Krımda da qeydə alınıb. Məlumatlara görə, bəzi obyektlərdə yanğınlar və sursat partlayışları baş verib. Beləliklə, tərəflər həm cəbhə xəttində, həm də arxa cəbhədə strateji obyektlərə qarşı zərbələri artırmaqda davam edirlər.