"Kayros" taboru son aylarda Rusiyanın enerji və hərbi obyektlərinə uzaqmənzilli pilotsuz aparatlarla ardıcıl zərbələr endirir


Ukraynanın 414-cü "Madyarın quşları" briqadasına daxil olan məxfi "Kayros" taboru son həftələrdə Moskva və Rusiyanın digər bölgələrindəki strateji obyektlərə pilotsuz aparatlarla hücumlar həyata keçirir.






Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" nəşri yazıb. 


Taborun komandiri "Rey"in sözlərinə görə, məqsəd Rusiyanın müharibəni davam etdirməsinin dəyərini artırmaq və Moskvanı sülhə məcbur etməkdir. O bildirib ki, pilotsuz aparat üçün hədəfin neft emalı zavodu, liman və ya Kremlin olması fərq etmir.


Nəşrin məlumatına görə, bölmənin üzvləri ciddi məxfilik qaydalarına əməl edir, mütəmadi poliqraf yoxlamasından keçir və xidmətləri barədə yaxınlarına belə məlumat vermirlər. Komandirlər bildirirlər ki, bölmə fəaliyyət göstərdiyi təxminən 200 gün ərzində 200-ə yaxın hədəfi vurub.


"The Times" yazır ki, son bir həftədə Ukraynanın zərbələri Rusiyanın 12 regionunda yerləşən neft-qaz obyektlərini, hərbi anbarları və raket sənayesi ilə əlaqəli müəssisələri hədəfə alıb. Məqalədə həmçinin qeyd olunur ki, "Kayros" taborunun tərkibində bir sıra xarici könüllülər, o cümlədən keçmiş xüsusi təyinatlı hərbçilər də xidmət edir.