Texnologiya doğru sözləri tapa bilər, amma iki ürək arasında yaranan hissləri hələ də əvəz edə bilmir...
Yeni süni intellekt alətləri istifadəçilərə profil hazırlamaqdan ilk mesajın yazılmasına qədər kömək edir. Ancaq mütəxəssislər bunun səmimiyyəti azalda biləcəyini deyirlər.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşru yazıb.
Süni intellekt tanışlıqları dəyişir
ChatGPT, Claude, Gemini və digər süni intellekt çat-botları artıq tanışlıq tətbiqlərində də geniş istifadə olunur. İstifadəçilər onların köməyi ilə cəlbedici profil hazırlayır, potensial tərəfdaşa ilk mesajı yazır, hətta münasibət alınmadıqda ayrılıq mesajını da tərtib edirlər.
36 yaşlı Mari Lensli AP agentliyinə bildirib ki, süni intellektin ona həyat eşqini tapmasına qarşı deyil, lakin bunun həqiqətən mümkün olub-olmadığına tam əmin deyil. Onun sözlərinə görə, texnologiya tanışlıq prosesini asanlaşdırsa da, insanlar arasındakı "kimya" yenə də real həyatda yaranır.
Tətbiqlər yeni funksiyalar əlavə edir
Tanışlıq platformaları da bu meyldən faydalanmağa çalışır. "Tinder" süni intellekt əsasında işləyən "Chemistry" funksiyasını istifadəyə verib, "Hinge" isə istifadəçilərə profil hazırlamaqda və söhbətə başlamaq üçün ideyalar təqdim etməkdə kömək edir.
Şirkətlər hesab edir ki, bu yeniliklər son illər azalan istifadəçi sayını artırmağa kömək edə bilər. "Bumble" isə gələcəkdə ənənəvi "svayp" sistemindən imtina edərək, tərəfdaş seçimini əsasən süni intellektə həvalə etməyi planlaşdırır.
Mütəxəssislər nə məsləhət görür?
"Hinge"-in münasibətlər üzrə elmi direktoru Loqan Uri hesab edir ki, süni intellektdən profilin təkmilləşdirilməsi və ilk görüş üçün ideyalar almaq məqsədilə istifadə etmək faydalıdır. Lakin o, çat-botun yazdığı mesajları dəyişiklik etmədən göndərməyi düzgün saymır.
Bəzi istifadəçilər isə buna mənfi yanaşırlar. Los-Anceles sakini Klara Sallivan deyir ki, qarşı tərəfin mesajını süni intellektin yazdığını hiss etdikdə, ümumiyyətlə cavab vermir.
30 yaşlı Nyu-York sakini Ceyk Kley də hesab edir ki, tanışlıq insan həyatının ən şəxsi sahələrindən biridir və bunu texnologiyaya həvalə etmək düzgün deyil. Onun fikrincə, süni intellekt hissləri anlaya bilmədiyi üçün real münasibətləri əvəz edə bilməz.