Afrika yığmalarının son illərdəki uğurları təsadüf deyil, bunun arxasında uzunmüddətli strategiya və sistemli inkişaf dayanır
Uzun illər istedadlarını Avropaya göndərən Afrika ölkələri indi öz futbol sistemlərini qurur. Mütəxəssislər hesab edir ki, bu dəyişiklik qitə komandalarının beynəlxalq arenadakı uğurlarının əsas səbəblərindən biridir.
Moderator.az xəbər verir ki, bu barədə "vientam.vn" nəşri yazıb.
İstedad ixracından imtina
Bir neçə il əvvələ qədər Avropa və Cənubi Amerika yığmalarının Afrika komandaları üzərində qələbəsi adi hal sayılırdı. İndi isə mənzərə dəyişməyə başlayıb. Mərakeş dünya çempionatının yarımfinalına yüksəlib, Seneqal iri turnirlərdə sabit iştirakçıya çevrilib, Kabo-Verde isə futbol nəhənglərinə qarşı bərabər səviyyədə mübarizə aparır.
Mütəxəssislər bildirir ki, bunun səbəbi təkcə istedadlı futbolçular nəslinin yetişməsi deyil. Bu uğurların arxasında illərlə aparılan sistemli iş dayanır. Uzun müddət Afrika ölkələri üçün "istedad ixracı" modeli hökm sürürdü. Gənc futbolçular yeniyetmə yaşlarında Fransa, Belçika, Niderland, Portuqaliya və İspaniyanın akademiyalarına yollanır, peşəkar futbolçu kimi məhz Avropada formalaşırdılar.
Öz futbol məktəblərini qururlar
Son illərdə isə bir sıra Afrika ölkələri bu yanaşmanı dəyişməyə başlayıb. Ən uğurlu nümunələrdən biri Mərakeşdir. 2009-cu ildə kral VI Məhəmmədin təşəbbüsü ilə Sale şəhərində yaradılan Mohammed VI Futbol Akademiyası qitənin ən güclü hazırlıq mərkəzlərindən birinə çevrilib.
Akademiyanın yetirmələri hazırda Avropanın aparıcı çempionatlarında çıxış edir. Mərakeş yığması 2022-ci ildə dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası olub, 2025-ci ildə isə ölkənin gənclərdən ibarət millisi Afrika Kubokunu qazanıb.
Oxşar model Seneqalda da uğurla tətbiq olunur. Generation Foot akademiyası Sadio Mane, İsmaila Sarr və Pape Matar Sarr kimi futbolçuları yetişdirib. Eyni zamanda FIFA 2027-ci ilədək dünyada 75 yeni futbol akademiyasının yaradılmasını nəzərdə tutan proqram həyata keçirir və burada əsas diqqət Afrika ölkələrinə yönəlib.
Dünya futbolunda yeni qüvvə
Afrika diasporu da bu yüksəlişdə mühüm rol oynayır. Fransa, Belçika, Niderland və İspaniyada doğulub böyüyən bir çox futbolçu artıq doğulduqları ölkə əvəzinə valideynlərinin və ya babalarının vətənini təmsil etməyi seçir. Bununla yanaşı, qitənin özündə də futbol hazırlığının səviyyəsi durmadan yüksəlir.
Ekspertlər hesab edir ki, Avropa hələ də maliyyə, infrastruktur və rəqabət baxımından üstünlüyünü qoruyur. Ancaq aradakı fərq getdikcə azalır. Afrika ölkələri akademiyalara, məşqçilərə, idman təbabətinə və gənclərin hazırlanmasına daha çox investisiya yatırırlar.
Buna görə də Afrika yığmalarının son illərdə qazandığı uğurlar artıq sensasiya kimi qiymətləndirilmir. Mütəxəssislərin fikrincə, bu nəticələr uzunmüddətli strategiyanın və futbolun inkişafına yönəlmiş sistemli siyasətin məntiqi nəticəsidir.