Azərbaycanda paraşütdən tullanma ekstremal istirahət və aktiv turizmin ən populyar növlərindən biridir. Bu əyləncə 4 km yüksəklikdən saatda 180-220 km sürətlə sərbəst düşmə həyəcanı yaşadır.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Moderator.az-a açıqlamasında bildirib ki, paraşütdən tullanma zamanı bəzi təhlükəsizlik qaydalarına əməl etmək lazımdır:
"Nəzərə alsaq ki, yayın hələ başlanğıcındayıq, insanlar tez-tez paraşütdən tullanırlar və təhlükəli halların təkrarlanması istisna edilmir. Bu kimi hallarda əsas məsuliyyəti obyekt yiyəsi daşıyır. Sadəcə burada bəzi yanaşmalar var. Məsələn, turizm obyektinin özündə paraşütdən tullanma və yaxud dağa dırmanma yoxdur, bunu fərdi qruplar və sahibkarlar həyata keçirir. Paraşütdən tullanarkən ötən il bəzi xoşagəlməz, bədbəxt hadisələr baş vermişdi. Burada qayda nə cürdür? Deyək ki, paraşütdən tullanmada əgər təlimçi kimisə hazırlayırsa, onun hazırlıq prosesinə, metodikasına dövlət qurumu nəzarət etməlidir ki, həqiqətənmi paraşütlə tullanan şəxs bu texniki biliklərə sahibdir yoxsa yox?" deyə o bildirib.
Samir Nəbiyev bildirib ki, bəzi hallarda təlimçi paraşütdən tullanmağa icazə verməməlidir:
"Burada bütün məsələlər-küləyin sürəti, hava şəraiti, şəxsin bilik və bacarıqları nəzərə alınmalıdır və sonra müstəqil şəkildə paraşütdən tullanmalıdır. Bu prosesləri əgər icra edə bilmiriksə, mütləq şəkildə tək paraşütlə tullanmağa icazə verilməməlidir. Bu zaman artıq şəxs təlimçi ilə bu prosesi həyata keçirməlidir. Bu təlimi icra edən şəxslər birbaşa öhdəliyi atırlar paraşütdən tullananın üzərinə. Onun ağzından imzası, kağız alırlar. Məsuliyyət artıq zərərçəkənin üzərində olur. Bu əslində hüquq pozuntusudur. Burada mütləq şəkildə dövlətin nəzarətinin olması məqsədəuyğun hesab edilir. Paraşütdən tullanarkən sərbəst düşüş zamanı və paraşüt açıldıqdan sonra müəyyən edilmiş təlimatlara əməl etmək lazımdır" deyə ekspert bildirib.