Alimlər müxtəlif süni intellekt modellərinin idarə etdiyi virtual dünyalar yaradıb. Bəzi ssenarilərdə cəmiyyət sabit qalsa da, digərlərində tamamilə məhv olub.
 




Moderator.az xəbər verir ki, bu barədə "fortune.com" nəşri yazıb.
 
ABŞ-ın "Emergence AI" şirkətinin tədqiqatçıları "ChatGPT", "Claude", "Grok", "Gemini" və hibrid modelin idarə etdiyi beş virtual dünya yaradaraq onların 15 günlük fəaliyyətini müşahidə ediblər. Məqsəd süni intellektin uzunmüddətli idarəetmə qabiliyyətini yoxlamaq olub.
 
Nəticələr bir-birindən kəskin fərqlənib. "Claude"-un idarə etdiyi virtual cəmiyyətdə sabitlik qorunub, cinayət qeydə alınmayıb və bütün "əhali" sağ qalıb. "Gemini" modelində isə 683 cinayət baş verib.
 
Ən dramatik nəticə "Grok" modelində qeydə alınıb. Bu virtual dünya cəmi dörd gün ərzində tamamilə məhv olub. "ChatGPT"-nin idarə etdiyi simulyasiya isə cəmi yeddi gün davam edib. 
 
Tədqiqatçıların sözlərinə görə, süni intellekt agentləri prioritetlər siyahısında "sağ qalma" prinsipini nəzərə almadıqları üçün sistem fəaliyyətini dayandırıb.
 
Alimlər bildirir ki, eksperiment real həyatı əks etdirməsə də, gələcəkdə süni intellektin idarəetmədə daha geniş istifadə olunacağı təqdirdə təhlükəsizlik və ciddi nəzarətin əsas prioritet olmalı olduğunu göstərir.