Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Goravan kəndinə gedən zaman maraqlı hadisələr cərəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin tanınmış araşdırmaçı jurnalistlərindən olan Suzi Badoyan məlumat yayıb. O, sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, yalnız ölkə rəhbəri harasa səfər edəndə orada həmin gün bütün günü su verilir: "Nikol Goravandadır. Səhər tezdən az qala kənddəki hər ağacın üstündə və kolun dibində snayper gizlənmişdi. Bir qrup insan isə səhər saat 10:30-dan bəri kənd icma mərkəzində saxlanılır. Hə, bir də onu deyim ki, bu gün Nikolun səfəri şərəfinə bütün günü içməli su kəsilməyib. Burada günboyu su olmur, yalnız səhərlər su verirlər".
Sosial şəbəkə istifadəçiləri rəylərdə qeyd ediblər ki, onlar da son aylarda Paşinyanın öz təhlükəsizliyini xeyli gücləndirməsinin şahidi olublar. Əvvəllər hər gün velosiped sürüb az qala küçələrdə bütün vətəndaşlarla ünsiyyət quran baş nazirdə indi sanki sui-qəsd qorxusu yaranıb. Snayperlərin sayı isə onun səfər etdiyi bölgələrə görə dəyişir.
(publika)